Gələcəyin qorxulu kabusu... 


Robotlaşmış uşaqlar gələcək qura bilmirlər, sadəcə olaraq mexaniki həyat yaşayırlar

"Bu gənclik təkcə özləri ilə bağlı deyil, ətrafları ilə bağlı böyük problem mənbəyi olaraq qalacaqlar və formalaşacaqlar"


Azyaşlıların sosial şəbəkələrdən aktiv istifadə etməsi nəticələrini getdikcə daha çox bəlli etməyə başlayır. Artıq zəmanə uşaqların əyləncələrini dəyişə biləcək qədər güclü olub. Uşaqların formalaşmasında təkcə ailə yox, həm də cəmiyyətin rolu olduğunu hər kəs yaxşı bilir. Çox təəssüf ki, indiki dövrdə uşaqların əksəriyyəti rəqəmsal oyunları oynamaq üçün bir araya gələrək sosiallaşır. Əllərində sadəcə oyun ləvazimatları kimi telefon, planşet və pultlar var. Sanki onların idarəediciləri məhz bunlardır.

Dəniz kənarında dənizi seyr edərək çay içə-içə söhbətləşmək, bir kafedə oturub danışıb-gülmək artıq demək olar ki, yoxdur.  Çünki əlində telefonla sadəcə yan-yana oturmaq var. Artıq sosial olmağın tərifi belə dəyişməkdədir. Təəssüf ki, hər kəs, xüsusilə də gənclər bunu sosiallaşmaq zənn edir. Sosial media artıq insanları robotlaşdırır. Sirr deyil ki, böyükdən tutmuş kiçiyədək gündə 10 saatdan çox vaxtımızı texnoloji alətlərlə keçiririk.

Bildiyimiz kimi, insan insan olmaq sənətini, yəni danışmağı, gülməyi, mimikaları başqa bir insandan öyrənməlidir. Bunları virtual aləmdə görmədiyi üçün insan, insan olmaq sənətini artıq bir robotdan öyrənir.

Xüsusilə uşaqlar getdikcə gerçək həyatdan tamamilə uzaqlaşırlar. Uşaqlar artıq gülməyi belə emojilər (smaylik) kimi edirlər. Yəni emoji kimi üzülür, emoji kimi gülür... Əslində onlar  duyğusuz, robotlaşmış bir nəslə doğru gedirlər. Yəni yeni rəqəmsal dünyaya keçid yeni nəsil formalaşdırır.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən psixoloq Taryel Faziloğlu bildirib ki,  son zamanlar çalışdığı və müşahidə etdiyi gənclərdə diqqətini çəkən bir çox psixoloji məqamlar var. Psixoloqun sözlərinə görə, bu gün bir çox uşaqlar, gənclər və yeniyetmələr demək olar ki, xəyal qura bilmirlər:

"Yəni onlar heç bir şey düşünmürlər və sadəcə olaraq, mexaniki bir həyat yaşayırlar. Bu mexaniki həyatın sayəsində də onların nə xəyalları, nə arzuları var. Arzuları olmadığı üçün də konkret olaraq bəlli bir hərəkət templəri yoxdur. Sakit, süst və aqressivdilər. Sanki robotlaşıblar. Ailələr isə çox zaman bunun nə ilə əlaqəli olduğunu bilmədiklərinə görə, uşaqlarında bunu bir xarakter olaraq görürlər. Xarakter olaraq gördükləri üçün də bu məsələyə çox diqqət etmirlər. Amma bu uşaqlar universitetə daxil olduqları zaman, yəni universitet dönəmində ciddi problem yaşayırlar". 

T.Faziloğlu diqqətə çatdırıb ki, bu tip gənclər sosial həyata atıldıqları an başlıca olaraq ünsiyyət qura bilmirlər:

"Nəticədə sosial münasibətlərdə həddən artıq uğursuz olurlar. Habelə, onlar özünü ifadə etməkdə belə çətinlik çəkirlər. Demək olar ki, cəmiyyətdən tamamilə uzaqlaşırlar. Belə deyək ki, daha çox virtuallaşırlar. Nəticə etibarı ilə də bu insanların ümumi həyatlarında böyük boşluqlar olur. Beyinləri sanki proqramlaşdırılmış şəkildə bir boşluğun içinə düşür və özlərini donmuş şəkildə sadəcə həyatlarının axıb getməsini müşahidə edirlər. Bunu bir misalla izah edəcəm. Hamınız ətrafınıza baxsanız bunu tam aydın şəkildə görəcəksiniz. Məsələn, bir reallığı qeyd edim ki, indiki gənclərin demək olar ki, hobbiləri yoxdur. Əksəriyyətinin sevdiyi və zövq aldığı məşğuliyyəti mövcud deyil. Yəni konkret olaraq müəyyən bir gündəlik rejimləri var və bunu ardıcıl olaraq hər gün həyata keçirirlər. Düzdür, yeniyetməlik dövründə bu bir o qədər görsənmir. Çünki yeniyetməlik dövründə onlar üçün biçilən bir obraz var. Abituriyent kimi bir hazırlıqdan çıxıb, o biri hazırlığa qaçırlar. Qalan vaxtını isə hazırlıqdan verilən tapşırıqlara həsr edirlər. Bununla da, özlərinin vəzifələrini bitmiş hesab edirlər. Təbii ki, ailələrin də onlar üzərində basqısı və təzyiqi var. Bir şeyi anlamaq lazımdır ki, orta məktəb və abituriyentlik həyatı bitəndən sonra onlar real həyata atılacaqlar. Lakin həyatla bağlı heç bir bacarıqları və vərdişləri olmayacaq. Ən böyük problem də məhz burdan başlayır. Bu gənclərdə heç bir bacarıq və vərdiş yoxdur, o cümlədən də özünü ifadə etmə tərzi. Bundan əlavə hobbisi, üstəlik, zövq aldığı bir sənət, sahə də mövcud deyil. O zamandan etibarən gəncin həyatında ciddi problemlər başlayır. Bu tip insanlar, gəncləri və yeniyetmələri mən robotlaşmış gənclik adlandırıram". 

Psixoloq hesab edir ki, robotlaşmış gənclik və uşaqların konkret olaraq sabahları və gələcəkləri heç bir şəkildə ürəkaçan olmayacaq:

"Onlar nəyisə hazırlamayacaqlar, istehsalda çox zəif olacaqlar. Münasibətləri isə demək olar ki, həddindən artıq zəif olacaq və nəticədə həyatdan tutunmaq üçün səbəbləri olmayacaq. Bu gün tez-tez müzakirə etdiyimiz intihar xəbərlərinin sayını gələcəkdə daha çox eşitmiş olacağıq. Çünki bu günləri robotlaşan və həyati vərdişlərə sahib olmayan gənclik təkcə özləri ilə bağlı deyil, ətrafları ilə bağlı böyük problem mənbəyi olaraq qalacaqlar və formalaşacaqlar. Sual yarana bilər. Bunun qarşısını necə almaq olar?

Əsasən yeniyetmələrin valideynləri öz övladlarını abituriyent yükləri ilə yükləməməlidirlər. Onların sosial aktivliyinə nail olmalıdırlar. Onların hobbisinin olmasına çalışmalıdırlar, hətta bu işdə onları dəstəkləməlidirlər.

Dostları ilə zaman keçirməyə şərait yaratmalıdırlar. Unutmayın, həyat sadəcə universitetdən ibarət deyil. Həyat hər şəkildə bütündür. Konkret olaraq insan həm sosial, həm də psixoloji olaraq özünü rahat hiss eləməlidir. İlk növbədə arzuları olmalı və arxasınca savaşmalıdır. Yoxsa ən böyük problem olan robotlaşmış gənclərdən biri də sizin övladınız olacaq.

Hətta övladınızı itirmək kimi bir təhlükə ilə də üzləşəcəksiniz. Övladınızın sosial həyatını dəstəkləsəniz, inanın ki, onu daha çox xoşbəxt etmiş olarsınız. Həm də sağlam bir övlad qazanmış olacaqsınız".