Əsəblərinizi bir daha qoruyun!

Boş yerə siqnal verənlər cərimələnəcək

Cəmiyyətin reaksiyası fərqlidir, hətta "pul tələsidir" deyənlər var

Son zamanlar paytaxt küçələrində intensiv hərəkət müşahidə olunur. Günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində yaranan sıxlıq səbəbindən  sürücülər lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər. Bu hal paytaxt sakinlərinin haqlı narazılığına səbəb olur.  Ötən gün bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

Bildirilib kİ, "Sürücülərimiz onu bilməlidir  ki, “Yol Hərəkəti Haqqında” qanunun tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə oluna bilər.

Əks təqdirdə, bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən cərimə oluna bilərlər”. Lüzumsuz siqnal verən sürücülərin cərimələnməsi barədə "Şərq"olaraq vətəndaşlar arasında sorğu keçirdik. Həmin sorğunu təqdim edirik:

Lüzumsuz siqnal verən sürücülər barədə danışan Xəyal Namizədli bildirib ki, bu məsələdə o, DYP-ni dəstəkləyir: " Çünki boş yerə verilən siqnal yoldan keçən hansısa ürək xəstəsinin səhhətinə pis təsir edə bilər.

Həmçinin bu lüzumsuz siqnallar məktəblərdə aparılan dərslərə də mane olur. Qeyd edim ki, siqnalın mahiyyətini əksər sürücülər bilmir.

Siqnal ilk növbədə yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçündür. Yoxsa bizdə kimsə 0,1 saniyə işıqforun yaşıl işığından gec tərpənən kimi siqnal verir, yaxud da ki, piyada keçidi yavaş keçir. Hesab edirəm ki, ilk olaraq sürücülərdə yol mədəniyyəti olmalıdır. Fikrimcə, bu qanunun icrası insanlarda yol mədəniyyəti formalaşdıracaq. 

Çünki qonşu Rusiyada, ümumiyyətlə, siqnal səsi eşitmək mümkün deyil. Yüzdə bir olar ki, eşidərsən. Orada yol mədəniyyəti Azərbaycana nisbətən daha yüksək səviyyədədir. Elə insanlar var ki, həqiqətən də siqnal verib adamın əsəbinə toxunur". 

Hətta məhəlləarası yollarda da. Hesab edirəm ki, belə bir cərimə yerə tüpürənlərə və hara gəldi zibil atanlara da tətbiq olunsa yaxşı olar. Çünki o zaman şəhər küçələrimiz təmiz olar".

Yavər Məmmədov isə verilən bu qərarı düzgün hesab etmir:

"Bu qərara qarşıyam. Ona görə ki, hökumət bunu sürücü mədəniyyəti üçün etmir. Bu cərimə tətbiq olunmamışdan öncə sürücülük vəsiqəsinin daha çətin şərtlərlə verilməsinin tərəfdarıyam. Bəzi işbazlar var ki, sürə bilənə də, bilməyənə də sürücülük vəsiqəsi verir. Təbii ki, nəticədə sürə bilməyən sürücü siqnalın nə olduğunu haradan biləcək? Ona görə də bu qərarla razı deyiləm. İkinci bir məsələ isə yığılan pulların hara və kimlərə gedəcəyidir. Əgər bu cərimələrdən yığılan pullar uşaqpuluna və ya başqa lazımi sahələrə yönəlsə, bunu müsbət qarşılayaram. Amma bir məsələ var. O yollarda gərəksiz tıxac və ya sıxlıq yaranan zaman YPX əməkdaşları niyə gözə dəymir? Niyə həmin əməkdaşlar küncdə, dalanda dayanıb cərimələyəcək sürücü güdürlər? Güdmək əvəzinə yolu boşaltmağa köməklik etsə, yaxşı olmazmı? Bunu da arada özlərinə sual versinlər. Hesab edirəm ki, o zaman nə tıxac, nə də ki cərimə olar. Yüz maşın dayanır tıxacda. Necə sübut edəcəklər ki, hansı siqnal verir?  Yolda bir maşın olsa aydındır, amma çoxdursa, sürücü özü boynuna almasa, çətin bu cəriməni tətbiq edə bilərlər ".

İlqar Bədəlov deyir ki, siqnal səsləri insanların haqsızlığa qarşı qışqırtısıdır:

"Camaat bezib hər şeydən. Siqnalı da çarəsizlikdən, hirsindən verir. Siqnal haqqın səsini eşidin deməkdir. Yəni artıq bir ildən çoxdur ki, pandemiyadır. İnsanların maddi durumu pis vəziyyətdədir. Hesab edirəm ki, heç kim xoşluqdan siqnala əl atmır. Bu ölkədə bir çox insnaların psixoloji durumunun gərgin olmasından xəbər verir. Hesab edirəm ki, belə cərimələrin tətbiqindənsə, insanlara bir çox sahələrdə köməkliklər göstərilsin. Yoxsa, 3 gün sonra sms gələcək ki, filan prospektdə siqnal vermisiniz. Necə sübut edəcəyik ki, verməmişik. Nəticədə insanlara çox zaman boş-boşuna cərimələr gələcək və isbatı isə qeyri-mümkün olacaq. Yolları genişləndirib tıxacın qarşısını almaq lazımdır, nəinki gündə yeni binaları inşa edib şəhəri daraldırlar. Düzdür, elə insanlar var ki, həqiqətən də siqnal verib adamın əsəbinə toxunur". 

Şaiq Çələbi isə hesab edir ki, siqnallara cərimə tətbiqi düzgün deyil:

"Dəfələrlə siqnal məni və yaxınlarımı ağır qəzadan qurtarıb. Sürücülərin başları çox vaxt telefona qarışır. Nəticə isə ağır olur. Ona görə də bu qərarı düzgün hesab etmirəm. Əslində dayanacaqlarda dayanan taksi və digər maşınları cərimələmək lazımdır. Bundan başqa piyada keçidlərində maşın saxlayanları cərimələməlidirlər. Yaşayış ərazilərində sürət həddini aşanları cərimələmək lazımdır. Bəzi yaşayış sahələrinə sürət həddi nişanı ilə təchiz olunmayıb və işıqforlar görünməz vəziyyətdir. Bax, bunlara görə aidiyyəti orqanları cərimələmək lazımdır. Məsələn, yol polisi Babək prospektinin aşağı hissəsini bağlayır. Bu isə süni tıxaca səbəb olur. Və camaat da haqlı olaraq siqnal verir. Gəlin, hamını cərimələyin. Niyə yol ayrıcılarının hamısında yol polisləri durub hərəkəti tənzimləmirlər? Axı onların işi bilavasitə onunla bağlıdır. Onlar gözləyir ki, qəza olsun, cərimə yazsınlar. Mən gecikməsəm vaxtım itməsə, dəliyəm siqnal verim?

Yusif Əli deyir ki, siqnal verməmək üçün yol, sürücülük mədəniyyəti olmalıdır:

"Biz siqnalı qəflətən öz zolağından çıxan sürücülərdən başqa heç kəsə istifadə etmirik. Qəzaların əsas səbəbi zolağı "pavarotnik"siz tərk edənlərdir. Bax, onları 100000 manat cərimə edin!".

Sabir Mehdiyev bunun çox gözəl bir qərar olduğunu bildirib:

"Sürücülərin çoxu siqnalın üstündə yatırlar. Daha fikirləşmirlər ki, bəzisinin evində yatanı, bəzisinin körpəsi, bəzisinin də xəstəsi var. İnanın ki, həmin adamların evinin qarşısında yüngülcə səs olanda qırğın qoparırlar. Hesab edirəm ki, insanların hüquqlarının təminatı üçün bu qərar çox yaxşı oldu. Bəlkə o siqnala həvəskar olan sürücülər cəriməyə görə daha "mədəniyyət"lərini nümayiş etdirməzlər. Bu cərimə qanunda var idi. Təəssüf ki, yerinə yetirilmirdi. Əsasən gecə vaxtları çınqıl daşıyan iri həcmli yük maşınları yol kənarındakı təkər təmirində işləyən işçilərə yüksək siqnalla salam verib keçirlər. Ona görə də bunun tətbiqi labüddür".