Hüseyn Arifin lətifələri – Vaqif Səmədoğlunun dil ilə...

Xalq şairi Hüsyen Arif  şeirləri ilə yanaşı həm də zarafatları ilə yaddaşlarda silinməz izlər qoyub. Onun haqqında yazılan lətifələr, maraqlı əhvalatlar hər kəs tərəfindən sevilib.
H.Arifin yaxın dostlarından biri,  xalq şairi Vaqif Səmədoğlu da bir vaxt “Modern.az”a müsahibəsində onunla birgə xatirələrindən danışıb. Hətta Hüseynlə bağlı xatirələrini ayrıca yazmaq istədiyini söyləyib.

“Sherg.az” da onlardan bir-neçəsini təqdim edir.
Vaqif  Səmədoğlu deyir:

“Məndə bloknotlar var. Hər dəfə Hüseyn Ariflə səfərə çıxanda, bir yerə gedəndə maraqlı sərgüzəştlər baş verərdisə, yaxud o zarafat edərdisə, hamısını bloknota yazardım. Biz onunla çox səfərdə olmuşuq. Xeyli maraqlı qeydlərim var. Düzdü, İsmayıl Şıxlı da onun haqqında yazdı. Yəni lətifələrini bir kitaba yığdı. Amma Hüseyn Arifin öz dili yox idi orda. Mən isə olduğu kimi, necə varsa, o cür də yazacağam.
Elə bir-iki xatirə nəql edim sizə.

Bir gün söhbət edə-edə nəşriyyata gəldik. Hüseyn Arif də qolumdan tutub danışırdı. Qolumdan bərk yapışıb danışır,  yanımızdan keçən camaat da maraqla bizə baxırdı. Birdən biri soruşdu. 

- Hüseyn müəllim, bunu belə hara aparırsan?

- Heş hara. İki aydı bizdə işliyif maaş alır, amma idarəni tanımır. Gətirmişəm, iş yerini ona tanıdım.


***

Bir dəfə də ova getmişdik. Ovçular sübh səhər tezdən, ən uzağı saat 5-də ova gedəcəkdilər deyə tez uzandılar.  Hava soyuq idi. Ona görə pəncərələrin dal taxtalarını bağladılar. Çarpayı az olduğundan döşəmədə, gəbənin üstündə yorğan-döşək töküb yer saldılar. Hüseyn Arifə də dedilər ki çarpayıda yat. O isə "bura yaxşıdır” deyib hamıdan əvvəl gurhagur yanan sobanın yanındakı döşəyin üstünə uzandı. Yoldaşlar  dedilər  ki, "pəncərənin yanında yatma, soyuq olar”, Hüseyn inadından dönmədi. Bir də gördük gecədən xeyli keçmiş ovçulardan biri oyanıb, Hüseyni səsləyir.
- A şair, zəhmət olmasa, pəncərənin taxtasını arala, bax, gör işıqlaşmır ki, sonra yatıb qalarıq.
Hüseyn taxtanı aralayıb baxır.

- Yox hələ qaranlıxdı, yıxıl yat. İşıqlaşan kimi özüm sizi qaldırajam.

Aradan bir az keçir, yenə kimsə oyanır.

- A şair, başına dönüm, bax, gör işıqlaşmır ki?

Hüseyn taxtanı aralayıb baxır və sakitcə cavab verir.

- Yox, hələ. Yıxıl yat, işıqlaşanda özüm qaldırajam.

Hüseyn yenidən bürünüb yorğanın altında büzüşür.

Nə qədər mürgülədiyindən xəbəri olmur. Səs-küyə oyanır və tez taxtanı aralayıb baxır.

- Ə, nə hay-haray salıfsız, görmürsünüz hələ qaranlıxdı?

- A şair, deyəsən elə bütün gecəni pəncərələrin taxtası ilə paltar şkafının qapısını dolaşıq salıbsan.

-  Elə şey olmaz, - deyə Hüseyn Arif təəccüblənir və başa düşür ki, gecə pəncərə əvəzinə başını şkafın içinə salıb, baxırmış. Tez ayağa durub paltarlarını geyinir.

Qəh-qəhə çəkən yoldaşlarının yanında özünü sındırmır.

-  Qarışıq salmayıb, neyləsin, taxtalar bir-birinə oxşayır. Di, tez olun gedək.

Hava  isə çoxdan işıqlanmışdı”.