Türk xalqlarının ortaq dərsliyi hazırlansın? - Fikirlər haçalandı

Firudin Cəlilov: “Ortaq dərsliklər tərtib edilməlidir. İstanbulda və Daşkənddə təhsil alan şagird eyni kitabı oxumalıdır”

Qulu Məhərrəmli: “Alternativ fikrim isə ortaq tarixlərin, ortaq ədəbiyyatların yazılmasıdır ” 


“Ortaq dərsliklər tərtib edilməlidir. Misal üçün, İstanbulda və Daşkənddə təhsil alan şagird eyni kitabı oxumalıdır”.
Bu sözləri türkoloq alim Firudin Cəlilov türkdilli dövlətlər  arasında birliyin güclənməsi barədə danışarkən deyib. Onun fikrincə, belə bir təşəbbüsün həyata keçirilməsi lazımi nəticəni verəcək.

BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında təklifə münasibət bildirdi: 

“Əlbəttə, maraqlı ideyadır, amma mümkün deyil. Dərslik yazmaq çox ciddi məsələdir. Nəzərə almaq lazımdır ki, hər ölkənin fərqli tədris proqramı, inkişaf səviyyəsi var. Üstəgəl, fənni tədrisetmə metodları arasındakı müxtəliflik də az deyil.

Bu mənada belə bir halın ən azı yaxın gələcək üçün real olduğunu düşünmürəm. Bəlkə də, nə vaxtsa- təxminən 50 il sonra olar. Lakin indi yox. Alternativ fikrim isə ortaq tarixlərin, ortaq ədəbiyyatların yazılmasıdır. Belə olan halda türk dövlətəri bir-birilərinə daha yaxşı tanıyarlar.

Məsələn, BDU-da türk xalqlarını öyrənən kafedralar var. Onların tədris proqramlarının bir qədər sadələşdirilmiş, korrektə edilmiş formasını təşkil etmək və ortaq dəyərlərə çevirmək mümkündür”.