Dövlət tərk edilmiş uşaqlara “gün ağlayır”

Vüqar Bayramov: “Sağlamlıq imkanları məhdud olan uşaqların himayəyə götürülməsinə görə ödənişlər daha çox olacaq”

“Beləliklə, həmin uşaqların daha çox övladlığa götürülməsinə şərait yarana bilər”

“Bütövlükdə yeni qərar tərk edilmiş uşaqların ailələrdə böyüməsinə şərait yaradacaq”

Ölkəmizdə övladlığa götürülən uşağa görə müavinət veriləcək. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərar “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında”dır.

Qərara əsasən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq məhkəmənin uşağın övladlığa götürülməsi barədə qətnamədən çıxarışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edildiyi gündən ən geci 5 iş günü müddətində övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət təyin ediləcək. Təyin edilmiş müavinət bu 1aydalara uyğun olaraq ödəniləcək.

Yeni qərarın birmənalı olaraq pozitiv addım olduğunu deyən millət vəkili, iqtisadçı Vüqar Bayramov “Sherg.az”a bildirirb ki, bu qərar ilk olaraq daha çox uşaqların himayəyə götürülməsini təşviq edir:

“Xüsusilə, atılmış uşaqların ailə ortamında böyüməsi üçün yeni imkanlar yaranacaq. 

Sağlamlıq imkanları məhdud olan uşaqların himayəyə götürülməsinə görə nəzərdə tutulan ödənişlər daha çox olacaq. 

Beləliklə, həmin uşaqların daha çox övladlığa götürülməsinə şərait yarana bilər. Statistik göstəricilərə görə, sağlamlıq imkanları məhdud olan uşaqlar daha az himayəyə götürülür. 

Bütövlükdə yeni qərar tərk edilmiş uşaqların ailələrdə böyüməsinə şərait yaradacaq və statistikada bu rəqəm çox olacaq”.