Deputat: “Azərbaycan dünya hərb elminə yeniliklər gətirib”

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ailə üzvləri ilə birlikdə mart ayının 15-də Füzuli və Xocavənd rayonlarına səfəri xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəltdi. Bu səfər hər birimizə qürur hissi yaşatdı”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Tamam Cəfərova söyləyib.
Xanım parlamentari vurğulayıb ki, azad edilmiş ərazilərdəki böyük quruculuq işləri və infrastruktur layihələrinin həyata keçirilməsi artıq Böyük Qayıdışın günbəgün yaxınlaşıdığının bariz göstəricisidir:

“Səfər zamanı cənab Prezident Füzuli-Hadrut avtomobil yolunun təməlini qoydu. Artıq Qarabağda belə təməlqoyma mərasimlərinin sayının artdığını müşahidə edirik. Vətən müharibəsindən 4 ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri aparılır. Qeyd etmək lazımdır ki, yol infrastrukturunun qurulması mühüm əhəmiyyət daşıyır. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün çox önəmlidir. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpasına başlanılıb. Füzulidən Şuşaya Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcək. Horadizdən Zəngilana qədər yol çəkiləcək”.

“Vətən Müharibəsi 21-ci əsrin müharibəsidir” deyən millət vəkili, qeyd edib ki, Azərbaycan ordusu müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi:

“Azərbaycan Ordusu yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad edib. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atmış oldu. Hadrut qəsəbənin işğaldan azad olunması Vətən müharibəsində əldə olunan qələbədə böyük rol oynayıb. Belə ki, Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.

Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi. Hamıya bəllidir ki, Hadrut qəsəbəsi işğaldan azad olunduqdan sonra oktyabrın 17-də Füzuli şəhəri düşmən işğalından azad olundu. İşğalçı Ermənistan ordusu Azərbaycan ordusunu digər istiqamətdən gözləyirdi.

Lakin Azərbaycan ordusu yüksək peşəkarlıqla, müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdi. Beləliklə də, Azərbaycan ordusu əzəli, əbədi Azərbaycan torpağı olan Şuşa şəhərinə düşmənin gözləmədiyi istiqamətdən yaxınlaşmış oldu”.

T.Cəfərova vurğulayıb ki, Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq:

“Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Müzəffər Azərbaycan Ordusu dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq Şuşanı işğalçılardan azad etdi. 44 günlük şanlı müharibəmiz, zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir. Artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, 21-ci əsrin müharibəsidir”.

Deputat qeyd edib ki, Azərbaycan dünya hərb elminə öz strategiyası ilə yeniliklər gətirməklə yanaşı, 21-ci əsrdə dünyada və regionda siyasi münasibətlərin inkişaf etdirilməsi baxımından da yeni reallıqlar gətirib:

“30 ilə yaxın davam edən işğal dövründən sonra Azərbaycan öz tarixi torpaqlarında həyata keçirdiyi infrastruktur layihələri ilə regiona yeni bir nəfəs və eyni zamanda yeni bir inkişaf dinamikası gətirir. İşğalçı Ermənistanın həyata keçirdiyi vandalizm siyasətindən sonra Azərbaycanın başlatdığı quruculuq siyasəti qonşu və dost dövlətlər üçün əməkdaşlıq baxımından yeni istiqamətlər və imkanlar yaradır
Bu gün Azərbaycanın qarşısında duran ən vacib məsələ işğaldan azad olunan torpaqlarımızda quruculuq işlərinin həyata keçirilməsi, həmin ərazilərin də digər regionlarımız kimi çiçəklənməsidir. Əminik ki, cənab Prezidentin həyata keçirdiyi qətiyyətli siyasət və Azərbaycan xalqınıın birliyi, həmrəyliyi nəticəsində tezliklə qarşıya qoyulan hədəflər qət ediləcək. Cənab Prezidentin Azıx mağarasının qarşısında olarkən dediyi sözlərlə desək “Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” ”.