Aktyor uşaqlıq travmasından danışdı: “Çox pis pərt oldum”

Tanınmış aktyor Taleh Yüzbəyov Feysbuk səhifəsində Novruz bayramı ilə bağlı paylaşım edib. Sənətçi statusda uşaqlıq illərindən, keçmiş bayram xatirələrindən yazıb. 

"Sherg.az" xəbər verir ki, T.Yüzbəyovun postu izləyiciləri tərəfindən maraqla qarşılanıb. O, məlum statusda bunları söyləyib:

"İllər əvvəl elə Novruz qabağı idi, papaqatma “sezon”unu açıq elan eləyib, düşmüşdük qonşuların canına. Çox anaların əl qabiliyyətinə, ailələrin maddi vəziyyətinə şahid olurduq. Birdən burnumuza təzə bişən qoğal iyi gəldi. İyləyə-iyləyə gedib qapıya çatdıq. Bura zibilxananın yanındakı həyət evi idi. Mənim qulaqlı rus papağımı qoyub, qapını döydük və qaçıb gizləndik. Güdürdük ki, birdən qapı açıldı, papağı götürdülər, sevindik. Bir neçə dəqiqə sonra geri qoyub qapını bağladılar.

Tülkü kimi gedib, papağı götürüb qayıtdım. İçində təzə bişmiş, hələ də buxarlanan iki ədəd qoğal var idi. 3-4 nəfərə elə yerindəcə qoğalları parçaladıq və əlbəttə ki, doymadıq. Məndən böyük olan Rövşən "tırka" verməyə başladı ki, get yenə at! Dedi ki, onlar yaxşı adamdılar, yenə qoyacaqlar. Həmişəki kimi əvvəl "tırka"ya, sonra həmin qapıya tərəf getdim.

Papağı qoydum, qapını döydüm, dönüb qaçırdım ki, bir də gördüm başımın üstü ilə nəsə uçur. Başımı qaldırıb, baxdım ki, həmin qulaqlı papağım məni göydə keçib, gedib düşdü düz zibilxanaya. Əclaf ayaqla papağa Ronaldonun "ölü yarpaq" udarından vurmuşdu. Çox pis pərt oldum. Bir müddət papaq atmadım. Uşaqlıq travmalarımız az olmayıb. 

Bir dəfə də papağımıza palçıq qoydular. Onda fikrə getdik ki, insanlar nə vaxt belə oldu?! Sonra ümumiyyətlə heç nə qoymadılar. Lap sonra heç qapını da açmadılar. Vaxt gəldi şəkərbura-paxlavanı marketlərdə satmağa başladılar və çoxumuz evdə bişirməyib, elə ordan aldıq. İndi blokların çoxunda kod var. 
Bayramımız mübarək!".