"Məndən olsa hər yeri bağlamaq lazımdır"

Sumqayıtdakı çay evinin icarədarı karantin qaydalarını pozaraq müştərilərə qəlyandan istifadə xidməti göstərdiyinə görə həbs edilib. İcarədarla yanaşı müştərilər də cərimə edilib. Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, Sumqayıt şəhərində yerləşən “Breeze” çay evində qəlyandan istifadə edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Həmin ünvana baxış keçirilib və obyektin icarədarı Vüsal Mədətov polislər tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmə tərəfindən V.Mədətov barəsində 10 sutka inzibati qaydada həbs qərarı verilib. Çay evində qəlyandan istifadə edən 5 nəfər müştəri isə ümumilikdə 1400 manat cərimə olunublar. 

Məlumatda bildirilir ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinməkdədir. Qeyd edilən neqativ halların qarşısının alınması, qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət istiqamətində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdiriləcək. 


Məlumdur ki, ölkədə tətbiq edilən karantin rejimi qaydalarına kafe, çay evləri və restoranlarda qəlyandan istifadə qadağası da daxildir. Sərt karantin rejiminin  yumşaldılması ilə kafe, çay evləri və restoranlara yerində xidmət göstərilməsinə icazə verilsə də, qəlyandan istifadə qadağası Nazirlər Kabinetinin qərarı ilə qüvvədə saxlanılıb.  Görünür, bu qadağanın qüvvədə qalmasının səbəbi qəlyanın insan orqanizminə ziyanı, həmçinin, qəlyan çəkilməsi zamanı bakteriya və virusların ötürücülük qabiliyətinin daha çox olmasıdır.

Çünki qəlyanın siqaretdən artıq dərəcədə ziyanlı olması mütəxəssislər tərəfindən dəfələrlə bildirilib. Mütəxəssislər qəlyanın siqaretdən daha az ziyanlı olması fikrinin yanlışlığı üzərində dayanaraq ətraflı izah verirlər. “Qəlyansevərlər” iddia edir ki, qəlyanda tüstü filtrdən keçdiyi üçün guya daha az ziyanlıdır. Halbuki, filtrdən keçən tüstüdəki ziyanlı maddələrin çox az bir hissəsi təmizlənir, əsas hissə isə qalır. Və tüstü vasitəsilə orqanizmə ötürülür. 1 saat qəlyan çəkmək 1 qutu siqaretə bərabərdir.

1 saat qəlyan çəkən insan 200 dəfə daha çox ziyanlı tüstü udur. Qəlyan tüstüsü ağciyərlərin daha da dərinliyinə nüfuz edir. Tüstünün təsirini guya azaltmaq üçün istifadə edilən müştüklər də, əslində infeksiya mənbəyidir. Müştüklər qəlyan çəkəni infeksiya və zərərli mikroblardan qorumur. Qəlyanın şlanqı və qabında daha çox zərərli mikroblar toplanır. Normalda bu şlanq və qab hər istifadədən sonra yuyulmalı, dezinfeksiya edilməlidir. Amma bunu bizim ölkədə, bizim şəhərdə təsəvvürə gətirmək, buna inanmaq  mümkündür?! Qəlyanın da, eynən siqaret kimi qida borusu və ağciyər xərçənginə yol açdığı isə məlum həqiqətdir.       

Mövzu ilə bağlı “Şərq”ə danışan həkim Vaqif Qarayev isə sualı fərqli qoydu: 

- Mən də bilmirəm niyə yalnız qəlyan qadağan edilir? Məndən olsa hər yeri bağlamaq lazımdı.  Qəlyanın “Covid”ə  aidiyyəti yoxdur. Ümumiyyətlə, nikotin ziyanlıdı. İstər siqaret olsun, istərsə də qəlyan. Niyə siqaret olar, qəlyan yox?! Yəni bu qəlyan qadağasını izah edə bilmirəm. 
Məlahət Rzayeva