Qiymətlər AZALacaq? – ŞƏRH 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Eyni zamanda AZAL-ın fəaliyyətinə nəzarət edəcək Müşahidə Şurası formalaşdırılıb. Bu, çoxlarında ümid yaradır ki, sözügedən qurum, nəhayət, qiymətləri normallaşdıracaq. Və insanların aya deyil, sadəcə fərqli ölkələrə uçduğunu başa düşəcək.

 İqtisadçı-ekspert Nazim Bəydəmirli isə məsələ barədə “Sherg.az”a açıqlamasında bədbin proqnoz verdi. Qiymətlərin bahalığının səbəbindən danışan həmsöhbətimizin fikrincə, problemin həlli kompleks yanaşma tələb edir: 

““İri vergi ödəyiciləri” adlandırdığımız belə şirkətlərin, o cümlədən AZAL-ın özünün fəaliyyətinin korrupsiya, rüşvətxorluq və monopoliya üzərində qurulduğu məlumdur. Xərcləmələr doğru-düzgün aparılmır. Prezidentin də dəfələrlə dediyi kimi, dövlət hesabına investisiya qoyulan bu şirkətlər dövlət büdcəsinə hansısa qatqı vermirlər. İkinci bir tərəfdən, rəqabət mühiti yoxdur. AZAL kifayət qədər ücuz tarifli şirkətlərin bazara daxil olmasına imkan vermir. Onlara təklif edilən aeroport xərcləri çox baha olur. Beləliklə, digər “oyunçu”lar üçün maraq yaranmır və AZAL öz hökmran mövqeyini qoruyur”.



N.Bəydəmirli, həmçinin müsbət nəticəyə niyə inanmadığının digər səbəbini də açıqladı: 

“Müşahidə Şurasının yaradılmasındakı məqsəd xərcləmələrə nəzarət etməkdir. Lakin orada QHT rəhbərləri, jurnalistlər, cəmiyyətin inandığı, tanıdığı ziyalılar, bir sözlə, qeyri-hökumət üzvləri olmalıdır.

Ancaq bir hökumət üzvlərinin digər hökumət üzvlərinin işinə nəzarət etməsi, əlbəttə, lazımi effekti verməyəcək. Ona görə də vəziyyətin belə tez düzələcəyinə inanmıram”.