Fərdi yaşayış evlərinə maraq artıb

Bu yay da insanlar istirahət üçün xaricə gedə bilməyəcək

Qarşıdan gələn aylarda daşınmaz əmlak bazarında aktivlik müşahidə olunacağı gözlənilir. Xüsusən də hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinin qiyməti artır. Bu hal eyni zamanda bağ evlərinin kirayə qiymətlərində də özünü büruzə verəcək.

Əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı daşınmaz əmlak bazarında önümüzdəki aylarda vəziyyətin necə olacağı barədə fikirlərini "Şərq"ə açıqlayan zaman qeyd edib ki,  yay aylarında bir sıra səbəblərə görə  bağ evlərinə tələb artacaq və bu da qiymətlərdə özünü göstərəcək:

"Mövcud pandemiya səbəbilə ötən ildən karantin qaydalarının sərtləşdirilməsi əhali arasında xüsusilə Bakı və Abşeron ərazilərində fərdi yaşayış evlərinə marağı artırıb. Bu sahədə qiymət artımına mövsümü faktorlardan başqa bir sıra digər amillər, inzibati qərarlar, ictimai nəqliyyatın hərəkətində yaranan məhdudiyyətlər də və s. səbəb olub. 

Təbii ki, yenə də insanların bağ evlərinə qarşı marağı davam edəcək. Bunun bir səbəbi də xaricə səfər etməyin mümkün olmamasıdır. Tətil və istirahət məqsədilə xaricə üz tutanların bir hissəsi son zamanlar Bakı şəhəri və ətraf ərazilərdə, regionlarda istirahətə üstünlük verir. Bu il də həmin tendensiyanın davam edəcəyi gözlənilir".