“Düşmən Aprel “dərs”indən “2” aldı, bu dəfə isə “kəsildi”” - AKTUAL

2016-cı ilin Aprel döyüşlərinin üzərindən beş il keçir. Düz beş il əvvəl dördgünlük hərbi əməliyyatlar nəticəsində uzun illər həsrət qaldığımız bəzi ərazilərimizə, o cümlədən mühüm strateji əhəmiyyətli Lələtəpəyə, Cocuq Mərcanlıya ayaq basmışdıq. Ən əsası isə xalqda özünəinam, nə vaxtsa bütöv Qarabağı azad görmək ümidi yaranmışdı. O zaman formalaşan həmin ümid bir neçə ay əvvəl öz sözünü dedi. Nəhayət, Qarabağa qovuşduq. Və Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, düşməni iti qovan kimi qovduq...



 Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas “Sherg.az”a açıqlamasında Aprel döyüşlərinin əhəmiyyətini belə qiymətləndirdi:

 “Həmin hərbi əməliyyatlarda çox igidimiz şəhid oldu. Əksəriyyəti Türkiyədə təhsil almışdı, Xüsusi Təyinatlı Qoşunun üzvü idi. Döyüşlər gedən günlərdə mən Ağdamda idim. Mülki şəxslərin, xüsusilə gənclərin könüllü olaraq savaşa qatılmaq səylərini görürdüm. Amma, əlbəttə, onlara  ehtiyac olmurdu. Çünki əsgərlərimiz öz işlərini layiqincə yerinə yetirirdilər. Aprel əməliyyatları xalqımızda ruh, özünəinam yaratdı. Dördgünlük müharibə ordumuz üçün təlim-məşq, ermənilərə isə dərs idi. Onlar bu dərsdən nəticə çıxarmadılar, “2” aldılar. Ona görə də bu dəfə “kəsildilər”.