Ermənilərin arzusu puç oldu:“Təyyarə İrəvana boş endi” 

"Dünən gecə saatlarında "Erebuni" aeroportunda təyyarənin boş enməsinə görə təkcə terrorçuların ailələri peşman olmayıb. Demək olar ki, Azərbaycan əvvəlcədən razılaşdırılmış oyun qaydasının düzgün getmədiyin görən kimi tərs üzünü çevirib". "Sherg.az"xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Feysbuk hesabında yazıb. O qeyd edib ki, Paşinyan - Putin görüşü, ardınca da Rusiya baş prokurorunun iki ölkəyə səfəri, nəhayət, Putinin Əliyevə zəngi, tərəflərin 10 noyabr razılaşmasına sadiq olmasını ifadə etməsi ilə hər şeyin yolunda olduğu görünür:

“Proses o qədər rahat və yolunda görünürmüş ki, İrəvandan birbaşa Bakıya uçan təyyarə haqda ilk xəbəri Ermənistan Parlamentinin deputatı Srbuhy Grigoryan öz səhifəsində qeyd edir. O, bildirir ki, artıq təyyarə bir saata İrəvana enəcək.

Lakin az sonra məlum olur ki, sözügedən hava nəqliyyatında pilotlardan başqa heç kim yoxdur. Hətta medianın aeroporta girişi belə qadağan edilir ki, gətirilənlərin kimliyi bilinməsin".



Ə.Əlibəyli qeyd edib ki, qeyri-rəsmi məlumata görə, ilkin razılaşmaya əsasən Azərbaycan tərəfi 15 erməni terrorçusunu qaytarmaq üçün razılığını bildirir:

"Amma qarşılığında 10 noyabr razılaşmasının 4-cü bəndinin tam icrasını tələb edir. Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir.

Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə 6 ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik 5 illik müddətə artırılır.

Təyyarənin Bakıdan qalxmasına az qalmış erməni administrasiyası sosial şəbəkələr vasitəsilə elan edir ki, Azərbaycan tərəfi 10 noyabr razılaşmasının 8-ci maddəsini (İlk versiya nəzərdə tutulur, düzəlişdən sonra 9-cu maddə), (Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır) yerinə yetirmir və ittiham tendensiyası başladır.

Güman edirəm ki, bu, təyyarənin Bakı aerportundan qalxmasına dəqiqələr qalmış yaşanır və hətta ola bilsin ki, 15 nəfər erməni əsgəri təyyarəyə oturulubmuş.

Azərbaycan tərəfi onları qaytarmaqdan imtina edir və bu proseslər şübhəsiz  ki, sırf bağlı qapılar arxasında yaşanan proseslərdir.

Çünki terrorçularla bağlı proses yaşanmazdan az əvvəl Azərbaycan XİN-i İKT nazirlərinin görüşündə bildirib  ki, Azərbaycan bütün savaş əsirlərini Ermənistana nəql edib".