Təbii qaz bazarında qiymətlər rekord həddə çatıb 

Dünya qaz bazarında qiymətlər 2018-ci ilin payızında qeydə alınan rekord səviyyəyə qalxıb.
Ekspertlər bu hadisənin ilin sonunadək davam edəcəyini gözləyirlər.
Aprel ayının əvvəlinə olan vəziyyətə görə, Avropada qazın 1000 kubmetri 250 ABŞ dollarına satılır. Ekspertlərin qənaətincə, bahalaşmanın əsas səbəbi yeraltı anbarlara böyük həcmdə qaz vurulması və nəticədə cari alış-verişdə təklifin azalmasıdır. Avropada yeraltı qaz anbarları fevral ayının sonundakı 29 faizə qarşı hazırda 31 faiz səviyyəsində doludur.
Dekabr-fevral ayları ərzində yeraltı anbarlardan 69 milyard kubmetr, yəni ötən ilin müvafiq dövrünə nisbətən 24 milyard kubmetr çox qaz çıxarılıb. Bu da qışın proqnozlara nisbətən daha soyuq keçməsilə əlaqədardır. Başqa mühüm amilin karbon tullantıları ilə bağlı ödəmələrinin artırılması nəticəsində bir çox sənaye müəssisələrində kömür əvəzinə qaz yanacağının tətbiq olduğu bildirilir.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban "Şərq"ə açıqlamasında qazın qiymətinin Avropada qalxmasını onların elektrik enerjisini də daha çox qaz yanacağından əldə etmələri ilə əlaqələndirdi:

"Cari ilin qış mövsümü ötən illərə nisbətən klimatik faktorlarla əlaqəli olaraq kifayət qədər soyuq keçib. Buna görə də enerjiyə tələbat artıb. Təbii qaz Avropanın elektrik enerjisində əsas mənbədir.
Bu mənada insanların istər elektrik enerjisi, istərsə də istilik ehtiyacı təbii qaza olan tələbatı artırıb.
Əvvəllər yeraltı anbarlara vurulan qazın 35-40 faizi qış mövsümü bitəndən sonra istifadə edilməmiş qalırdı. İndi isə baxmayaraq ki, aprel ayının birinci dekadası bitir, ancaq qazın qiyməti hələ də düşmür. Çünki bu qış yeraltı qaz anbarlarından həddən artıq qaz istifadə edilib".

Ekspert vurğulayıb ki, qiymətlərin düşüb-düşməyəcəyi yay aylarının necə keçməsindən asılı olacaq:

"Əgər yay ayları isti keçəcəksə, elektrik enerjisinə tələbat artacaq. Buna görə də təbii qazın istehlakına daha çox ehtiyac olur. Bu baxımdan qazın qiyməti yay mövsümünün necə keçməsindən asılı olacaq. Qiymətlər hazırkı məbləğdən 10 faiz bahalaşa, eyni qala və yaxud da neft qiymətlərinin ucuzlaşması fonunda bir qədər enə bilər".