“Ölkə başçısının hərbi qənimətlərlə bağlı çıxışı reallığı əks etdirir”

Bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Ölkə başçısı çıxışı zamanı mühüm məqamlara toxunub:
“Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb, işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir löhvə düzəltmişdilər ki, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıblar.

Əslində o hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər o lövhəni xarici turistlərə nümayiş etdirərək, öz ordusunun gücünü göstərməyə çalışırdılar, mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var, azərbaycanlılar isə öz şəxsi maşınlarını qoyub öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq.

“Bu lövhə isə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya hərbi qənimət kimi götürülmüşdür.

Müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik.

Dekabrın 10-da keçirilmiş hərbi paradda bu löhvə nümayiş etdirildi, Azadlıq meydanında, bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi. Və bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir.

Burada sərgilənən yük maşınlarının nömrələri sadəcə götürülmüş texnikanın kiçik hissəsini təşkil edir”. Prezidentin çıxışını “Sherg.az”a dəyərləndirən millət vəkili Ramil Həsən bildirib ki, ordumuz 44 günlük savaşda böyük qələbə çaldı. Parlament üzvünün sözlərinə görə, Ali Baş Komandanın iradəsi, misilsiz sərkərdəliyi və müzəffər əsgərlərimizin şücaəti ilə tariximizə böyük zəfər yazdıq:

“Əlbəttə ki, müharibə qənimətsiz ötüşmür. Erməni vandalları və havadarlarının vətəndaşlarımıza etdiyi haqsızlıq və insan ləyaqətini alçaldan addımların qisası böyük fasilədən sonra alındı.

Hərbi qənimətlər əldə etdiyimiz qələbə kimi xüsusi yerə malikdir. Prezidentimiz də qeyd edir ki, biz düşmənin başına “dəmir yumruğ”umuzu vuraraq hərbi qənimətlər əldə etmişik.

Həmin lövhə də bilavasitə hərbi əməliyyatlar nəticəsində əldə edilmiş qənimətlərdən meydana gələn avtomobillərin seriyalarından ibarətdir.

Ona görə də böyük fəxr və qürur hissi ilə deyə bilərik ki, düşmənin başını əzmişik. Azərbaycan Ordusu Prezidentin başçılığı altında erməni vandallarına layiqli cavab verib. Çətin ki, düşmən bundan sonra özünə gələr”.

Deputatın fikrincə, böyük fəxrlə qeyd edə bilərik ki, ordumuz heç vaxt mülki əhalini hədəf almayıb və qənimətlər içərisində mülki əhali ilə bağlı olan eksponat yoxdur:

“Bütün bunlar dövlətimizin həm cəbhədə, həm danışıqlar masasında, həm də savaş meydanında beynəlxalq hüquq və hərb qanunlarına sadiq olduğunu göstərir.

Ona görə də cənab Prezidentin tariximizin zəfər salnaməsini əks etdirən muzeydə hərbi qənimətlərlə bağlı çıxışı tamamilə reallıqları əks etdirir. Ali Baş Komandanın dedikləri dövlətimizin qüdrəti, zəfər yürüyüşündə əldə etdiyi uğurlu tarixi nailiyyətlərin təzahürüdür.

Əminik ki, Azərbaycan dövləti bundan sonra da cənab Prezidentin başçılığı ilə uğurlu addımlar atmağa davam edəcək”.