Deputat da “təngə gəlib”:"Metro açılsın”

“Bir şərtlə ki, sərnişinlərin hərarəti yoxlanılsın, karantin qaydalarına birmənalı əməl edilsin”

“Başa düşürəm, həftə sonları şəhərə getmək istəyənlər var. Nə qədər etsək də, avtobuslar həmin axını idarə edə bilməz”


Son həftələr vətəndaşları ən çox narahat edən məsələlərdən biri şənbə, bazar günləri ictimai nəqliyyatın işləməməsidir. Çünki insanlar bir az istirahət etmək, necə deyərlər, havalarını dəyişmək, monotonluqdan uzaqlaşmaq üçün gərgin iş həftəsinin sonunu gözləyirlər. Amma məşhur atalar misalında olduğu kimi, “sən saydığını say, gör, fələk nə sayır..."

Yəqin ki, hazırkı situasiyada fələk rolunu məşhur Operativ Qərargah oynayır. O Operativ Qərargah ki, artıq bir ildən artıqdır digər dünya ölkələri kimi, Azərbaycanın da üzərini qara bulud kimi alan, bizi, az qala, canımızdan bezdirən, daim səksəkədə saxlayan koronavirus pandemiyasından yaxa qurtarmaq üçün çalışır. Həftə sonları ictimai nəqliyyatın hərəkətinə qadağa qoyulması da həmin qurumun qəbul etdiyi qərarlardandır. Yenə də atalar misalı ilə desək, “aşağı baxsaq saqqal, yuxarı bağsaq bığ...”.



Millət vəkili Razi Nurullayev şənbə, bazar günləri ictimai nəqliyyatın işləməməsinə dair fikirlərini “Sherg.az”la bölüşdü:

 “Əlbəttə, vətəndaşların rahatlığı naminə bu qadağanı doğru hesab etmirəm. Lakin yoluxanların sayı artıqca Operativ Qərargahın məsuliyyəti də artır. Sabah daha təhlükəli vəziyyət yaransa, hər birimiz həmin qurumu ittiham edəcəyik. Koronavirusun üzü qara olsun, vətəndaşla hökuməti üz-üzə qoydu. Sözsüz ki, mən vətəndaşın yanındayam, lakin dediyim kimi, yoluxma statistikasını da nəzərə almaq lazımdır. Hər gün mənə vətəndaşlardan onlarca zəng gəlir. Karantin qaydalarının daha da sərtləşdirilməsinin labüdlüyündən danışırlar. Çünki özləri, əzizləri virusun qurbanına çevrilirlər”.

Deputat, həmçinin alternativ variantdan da danışdı:

 “Təbii ki, nə tramvay var, na tralleybus. Uçan taksidən istifadə etmək də real deyil. Fikrimcə, metronu açmaq daha yaxşı olar. Bir şərtlə ki, sərnişinlərin hərarəti yoxlanılsın, karantin qaydalarına birmənalı əməl edilsin. Başa düşürəm, həftə sonları şəhərə getmək istəyənlər var. Nə qədər etsək də, avtobuslar həmin axını idarə edə bilməz”.