Yeni səfirdən gözləntilər: “O da öz sələfləri kimi fəal olacaq”

“Çünki həm qarşılıqlı səfərlərin, həm də ortaq layihələrin sayı artacaq”

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı gələn həftə Bakıya gələcək. Bu barədə Azvision.az-a Türkiyənin Azərbaycanda səlahiyyət müddəti başa çatmış səfiri Erkan Özoral məlumat verib.  Diplomat bildirib ki, yeni səfir gələn həftənin əvvəlində Bakıda olacaq. Bundan əlavə diplomat bildirib ki, sabah Bakını tərk edərək Türkiyəyə dönəcək. Xatırladaq ki, E.Özoral 2016-cı ildə Azərbaycanda səfir postunda fəaliyyətə başlayıb. Onu bu vəzifədə yeni səfir Cahit Bağçı əvəz edəcək.  C.Bağçı daha əvvəl Türkiyə Böyük Millət Məclisinin deputatı olub.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu yeni səfirdən gözləntilərini “Sherg.az”la bölüşdü:

“Əlbəttə, ölkələr arasındakı əlaqələrin inkişafında səfirlərin də mühüm rolu var. İndiyədək Türkiyənin Azərbaycandakı bir neçə səfiri dəyişib və bu, çox normaldır. Fikrimcə, Cahit Bağçı da əlaqələrimizin inkişafında öz sələfləri kimi fəal olacaq. Xüsusilə indiki mərhələdə, yəni Bakı ilə Ankara arasında siyasi, hərbi və iqtisadi əməkdaşlığın genişləndiyi bir vaxtda bun çox ehtiyac var. Çünki həm qarşılıqlı səfərlərin, həm də ortaq layihələrin sayı artacaq”.