Hər kəs Qarabağın havasındadır 

Keçmiş köçkünlər yurdlarına qayıtmağın sevincini yaşayır

Həvva Məmmədova: "İndi arzu edirəm ki, həmin institutda pedaqoji fəaliyyətimi davam etdirim"


Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn-sorğu başa çatıb.
ADA Universitetindən verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə keçirilən birinci sosioloji tədqiqat - onlayn-sorğunun fəaliyyəti aprelin 25-dən etibarən dayandırılıb. Sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini ötüb. İlkin məlumatlara əsasən, iştirakçıların 54 faizi kişilərdən, 46 faizi isə qadınlardan ibarətdir. Sorğuda iştirak edənlərin 45 faizini 40 yaşa qədər olan ölkə vətəndaşları təşkil edir. Hazırda onlayn-sorğunun nəticələri emal mərhələsindədir.

Bu mərhələ yekunlaşdıqdan sonra Tədqiqat Qrupu əldə edilən məlumatların təhlilinə başlayacaq və nəticəni müvafiq dövlət qurumuna təqdim edəcək.



Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova “Şərq”ə açıqlamasında qeyd etdi ki, keçmiş köçkünlər arasında keçirilmiş sorğu məskunlaşma prosesinin düzgün aparılmasını təmin edəcək: 

- Əlbəttə, yaxşı olardı ki, keçmiş köçkünlərlə sorğular canlı şəkildə, üzbəüz aparılsın. Amma hamımız bilirik ki, hazırda pandemiya şəraitidir və üzbəüz, canlı görüşlər üçün uyğun zaman deyil. Bununla belə, onlayn sorğuların keçirilməsinin özü də böyük əhəmiyyət kəsb edirdi. Dövlətimiz, cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında, qəhrəman ordumuzun, igid balalarımızın şücaəti ilə torpaqlarımızı işğaldan azad etdi. Bu nə qədər böyük, əzəmətli, tarixi bir vəzifənin yerinə yetirilməsidirsə, soydaşlarımızın doğma yurdlarına qayıtması, orda məskunlaşması bəlkə ikiqat ağıq bir vəzifədir. Dövlət çalışır ki, bu işin öhdəsindən gəlsin və bu istiqamətdə işlərə artıq başlanılıb. Həm də Qələbəmizdən dərhal sonra. Cənab Prezidentin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ bölgəsinə səfərlərini bütün xalq izləyir. Yəni dövlət məskunlaşmanın mümkün qədər qısa zamanda reallaşması üçün çalışır. Keçmiş köçkünlər arasında sorğuların keçirilməsi də bu prosesə xidmət edən, prosesin düzgün, məqsədyönlü şəkildə aparılmasını təmin edəcək, prosesə  fayda verəcək işdir. Hökumət bilməlidir ki, işğaldan azad edilmiş ərazilərdə nə qədər insan məskunlaşacaq, onların arasında qadınlar, kişilər, gənclər, uşaqlar neçə faiz təşkil edir. Statistik rəqəmlərin əldə olunması məskunlaşma, iş yerlərinin açılması, əhalinin iş yerləri ilə təmin edilməsində əhəmiyyətlidir. Azad olunmuş ərazilərdə məktəblər tikilməlidir, uşaq bağçaları olmalıdır, xəstəxana, ictimai iaşə obyektləri... Bu, nəhəng bir prosesdir. Bu prosesi kortəbii şəkildə aparmaq mümkün deyil, bunun faydası da olmazdı. Odur ki, çox doğru olaraq keçmiş köçkünlər arasında sorğular keçirildi, əhalinin vəziyyəti, əmək qabiliyyətli olanların sayı dəqiqləşdirildi. 

H.Məmmədova qeyd etdi ki, köçkünlərə edilən hər bir zəng onların sevincinə səbəb olub: 

- Mən bilirəm ki, köçkün ailələr bu zənglərdən necə sevinib, necə razı qalıblar. Çünki doğma yurduna, elinə-obasına, hansı vəziyyətdə olmasının fərqi yoxdur, dağılmış, viran qalmış vəziyyətdə olsa da, qayıtmaq istəməyən qarabağlı, şəxsən mən tanımıram. İnanmaram da ki, belə bir qarabağlı var. İşğaldan azad olunmuş ərazilərə insanlarımızın necə can atdığını biz Aprel döyüşləri zamanı azad edilən Cocuq Mərcanlının timsalında da gördük. İndi də eyni vəziyyətdir. Baxın, insanlar bilə-bilə ki, ərazilər minalanıb, mənfur qonşularımız hər addımbaşı mina basdırıblar, yenə də doğma yurdlarını, kəndlərini, obalarını görmək, ziyarət etmək üçün ora can atırdılar. Nə qədər vətəndaşımız minaya düşərək həlak oldu. Təkcə mülki əhali deyil, hərbçilər arasında da həlak olanlar var.

Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə növbəti hərbi və insanlığa qarşı qəddar cinayət törədir. Biz bu faktı daim gündəmdə saxlamalı və dünyaya səs salmalıyıq.

Ermənistan bu əməlinə görə hərbi tribunala verilməlidir.  Məskunlaşma məsələsinə gəlincə, cənab Prezident də çıxışlarında bildirir ki, köçürülmə prosesi könüllüdür. Heç kim məcbur edilməyəcək ki, işğaldan azad edilmiş ərazilərə köçsün. Bu, cənab Prezidentin ədalətli və demokratik düşüncə tərzinin təsdiqidir. Amma biz xalqımızı tanıyırıq. Keçmiş köçkünlərin hamısı doğma yurda qayıdacaq. Mənim anam, ruhu candan ayrılanadək “Şuşa, Şuşa”, dedi. Mənə vəsiyyət edirdi ki, rəhmətə gedəndə onu Şuşada dəfn edim. Dayım, xalam Bakıda məskunlaşmışdılar, amma ürəkləri Şuşada qalmışdı. Doğmalarımın düşüncəsi bu idi ki, sanki Bakıda müvəqqəti dəfn edilirlər, mütləq Şuşa torpağında əbədi uyumalıdırlar. Yəni bizim xalqda torpağa belə bir bağlılıq var. Ona görə də mən qəti əminəm ki, bütün keçmiş köçkünlər doğma yurdlarına qayıdacaq, orada yaşayıb, işləyəcəklər. Bu saat hətta Bakı sakinləri də Qarabağa gedib orada torpaq sahəsinə malik olmaq, ev tikmək istəyirlər. Orda xaotik bir vəziyyət yaransa, yerli sakinlərə torpaq çatmaz. Ona görə də əhali ilə bağlı hökumətin əlində dəqiq statistika olmalıdır. 

H.Məmmədova bir arzusunu da bildirdi: 

- Arzum budur ki, Xankəndidə 1970-80-ci illərdə fəaliyyət göstərmiş Xankəndi Pedaqoji İnstitutu yenidən bərpa edilsin. Bu İnstitut ulu öndər Heydər Əliyevin göstərişi ilə 1971-ci ildə o zaman Bakıdakı Pedaqoji İnstitutun filialı olaraq açıldı. Amma 1974-cü ildə sərbəst, müstəqil İnstitut oldu. Mən 1976-cı ildə həmin instituta daxil olmuşam. İndi arzu edirəm ki, həmin institutda pedaqoji fəaliyyətimi davam etdirim. İnanıram ki, biz Xankəndinə də qayıdacağıq və mən də yenə Xankəndi Pedaqoji İnstitutunda – bəlkə artıq Universitet olacaq, dərs deyəcəm.