İslahatlar daha da sürətlənəcək

Bütün sahələrdə rəqəmsal transformasiyanın sürətləndirilməsi və koordinasiyası mühüm amildir


Prezident İlham Əliyev Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Müasir dövrdə telekommunikasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə ciddi nüfuz edərək, inkişaf üçün geniş imkanlar yaradıb. Qabaqcıl təcrübələrdə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal transformasiya, eləcə də bu sahədə resurslardan effektiv istifadə innovasiyaların inkişafında hərəkətverici qüvvə hesab olunur. Ölkələr rəqəmsal xidmətlərin genişləndirilməsi və elektron hökumətin inkişafı vasitəsilə səmərəliliyin və şəffaflığın artırılmasına nail olublar.

Məsələyə aydınlıq gətirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Şərq”ə açıqlamasında vurğulayıb ki, ölkədə bütün sahələrdə rəqəmsal transformasiyanın sürətləndirilməsi mühümdür. O qeyd edib ki, koordinasiya baxımından imzalanan fərman kifayət qədər mühüm əhəmiyyət kəsb edir:

"Prezidentin rəqəmsal transformasiya ilə bağlı imzaladığı fərmanla Nazirlər Kabineti 4 ay müddətində Konsepsiyanı hazırlamalı və onu Prezidentə təqdim etməlidir. Ümumiyyətlə, ölkədə bütün sahələrdə rəqəmsal transformasiyanın sürətləndirilməsi və koordinasiya baxımından fərman kifayət qədər mühüm əhəmiyyət kəsb edir".

Ekspert vurğulayıb ki, ölkədə bir çox istiqamətlərdə rəqəmsallaşma prosesləri getsə də koordinasiyada problemlərin olduğu görünürdü:

"Adicə dayanıqlı infrastrukturla bağlı məsələlərdə, “Ağıllı şəhər” və “Ağıllı kənd” məsələlərində belə bir problemin olması aşkar hiss olunurdu və işləri ləngidirdi. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, hökumət ölkənin rəqəmsal transformasiyası prosesində "Aztelekom", "Baktelecom", "Azərkosmos" və "Azərpoçt" kimi nəhəg operatorları NRYTN tabeliyində görmək istəyib. Bundan öncə isə bu qurumların holdinqin idarəetməsinə verilməsi nəzərdə tutulurdu. Düşünürəm ki, bu, sonda nazirliyin kommersiya səlahiyyətlərini xeyli gücləndirə bilər. Bu isə sektorda rəqabətlə bağlı ciddi problemlər yarada bilər. Güman etmək olar ki, hökumət növbəti mərhələdə tənzimləmə məsələləri ilə bağlı da struktur dəyişiklikləri nəzərdə tutur. Düşünürəm ki, əgər sektorda uzun müddətdən bəri gözlənilən müstəqil tənzimləyici qurum formalaşarsa, yəni Nazirliyin tənzimləyici funksiyası yeni formalaşdırılacaq ayrı bir dövlət qurumuna verilərsə, sektorda islahatlar daha da sürətlənəcək. Həmçinin yuxarıda qeyd olunan dəyişikliklər xeyli faydalı olacaq".