Heç kim pulu itirmək istəmir

Əhali arasında nağdsız hesablaşmaya qarşı inamsızlıq yaradıb

"Elə etmək lazımdır ki, Gürcüstandakı kimi sahibkar özü vergini ödəməkdə maraqlı olsun"

"ƏDV-nin kartdan tutulması bir sıra şəxslərdə nağdsız hesablaşmaya qarşı inamsızlıq yaradıb".
Bu sözləri "Şərq"ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. O qeyd edib ki, bunu  Vergi Orqanının sosial şəbəkədə yerləşən və nağdsız hesablaşma ilə bağlı olan video çarxı şərhində də görmək olar:

"Şərhlərdən də belə qənaətə gəlmək olar ki, son durum və ard-arda bankların vətəndaşlardan mal alışı və xidmət haqqı üçün tutulan ƏDV-nin geri istənilməsi bir sıra şəxslərdə artıq kartdan ödəniş etməkdə çətinlik yaradıb. Artıq alış-veriş, taksi xidməti ilə bağlı kartla ödəniş etmək  bir sıra şəxslərdə pulu itirmək fobiyası yaradıb. Belə ki, vətəndaş hesab edir ki, əgər bu gün o, kartından istifadə edib pulu köçürsə, bir ildən sonra bank tərəfindən mesaj göndəriləcək ki, sizin ƏDV borcunuz var. Bu isə o deməkdir ki, vətəndaş artıq vəsait ödəməlidir". 

R.Qarayev vurğulayıb ki, ümumiyyətlə, vergi sisteminin apardığı siyasətdə bir sıra vətəndaşları qorxudan məqamlar var:

"Bu tək nağdsız ödənişlə bağlı deyil. Burada sahibkara gələn ard-arda kameral yoxlamalar da aiddir. Təbii ki, bu cür hallar insanlarda artıq inamsızlıq yaradır. Misal üçün, bu yaxınlarda Kəmalə Məmmədova adlı şəxs mənə müraciət edərək bildirdi ki, ona kameral yoxlamalar gəlib. Qeyd edim ki, mühasiblərin ən çox şikayətləndiyi məqam kamerallarla bağlıdır, əsasən avans hesabatlarla bağlı çoxlu şikayətlərdir. Ümid edirəm ki, vergi orqanı kameral məsələsinə qanun çərçivəsində aydınlıq gətirəcək. Hesab edirəm ki, vergi fobiyalardan qurtulmaq üçün, iş sistemi  dürüst şəkildə görülməlidir. Təbii ki, bu məsələlər  xaricdən gələn investorların qarşısını ala bilər. İnvestor hər bir detalı nəzərə alıb ölkəyə gəlib, yatırım edir.  Təklif edirəm ki, kölgə iqtisadiyyatını aradan qaldırmaq üçün qanunvericiliyə dürüst yanaşıb, planı yerinə yetirmək olar. Qanunda bunun üçün kifayət qədər maddə var. Bundan əlavə sahibkardan əlavə yığılan ödənişləri büdcəyə köçürmək daha məqsədəuyğun olar. Fikrimcə, qanunvericilikdə cərimələri sərtləşdirməkdənsə, düzgün təbliğat aparılmalıdır. Elə etmək lazımdır ki, Gürcüstandakı kimi sahibkar özü vergini ödəməkdə maraqlı olsun. Bundan əlavə iqtisadçıların müraciət və təkliflərinə baxmaqda da fayda var".