Xoşqədəmdən "Ramin yeraz"a: “Anana, bacına niyə söydürüsən ki?!”

Xəbər verdiyimiz kimi, narkotik vasitələrin təbliğində şübhəli bilinən "ramin yeraz" adlı sosial şəbəkə istifadəçisi saxlanılıb. Onun həbsindən bir neçə  gün öncə canlı yayımda tanınmış aparıcılar Zaur Baxşəliyev və Xoşqədəm Hidayətqızını təhqir edib.
“Sherg.az”ın məlumatına görə X.Hidayətqızı sözügedən şəxsin təhqirlərindən xəbərdar olduğunu söyləyib. O bu barədə İnstaqramda canlı yayımda danışıb:
“Bir qadına, bir anaya o şəkildə söyməsi düzgün deyildi. Çox utancverici idi.  Mən də dərhal vəkilimə müraciət etdim. Adiyyəti qurumlara-Respublika porkorluğu, Daxili İşlər Nazirliyinə vəziyyəti bildirdik. Fikrimcə, namusu kimsə ləkələyə bilməz. Kimsə kiminsə qadınına söyə bilməz. Təhqir edənlər də bilsinlər ki, sözləri öz evlərindəki qadına aiddir. O qadın da günahsızdır. Axı sən anana, bacına niyə söydürüsən ki?! Bunun  cəzasının olduğunu bilməlisən. Mən gedib dava etməyəcəm. Hüquqşünasam və düşünürəm ki, qanun hər şeydən üstündür. Hər addımımı qanunla atıram. Bu günə qədər  kimsə deyə bilməz ki, Xoşqədəm kimisə hədələyib. Cavab belə vermirəm, vəkillərimə deyirəm. Məhkəmədə dəfələrlə qazanmışam. Siz də hüquqlarınız pozulanda aidiyyəti qurumlara müraciət edin”.

Qeyd edək ki, sosial şəbəkələrdə "ramin yeraz" kimi qeydiyyatdan keçən şəxsin canlı yayımlar açaraq narkotik vasitələrin təbliğini həyata keçirməsi və ictimaiyyətə yönəlik təhqiramiz ifadələr işlətməsi barədə vətəndaşlardan daxil olmuş çoxsaylı şikayətlər əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən müvafiq tədbirlər görülüb.

Belə ki, paytaxtın Nizami rayon sakini olan Ramin İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb. Həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Şəxs barəsində istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılıb.