Avropa İttifaqının çağırışı səssiz qalmayacaq

Ermənistan gec-tez minalanmış ərazilərin xəritəsini verməyə məcbur olacaq


Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanın 9 noyabr (10 noyabr- red.) 2020-ci ildə əldə etdiyi atəşkəs razılaşmasından sonra baş vermiş bir sıra müsbət nəticələri alqışlayır. Bu barədə Aİ-nin yaydığı bəyanatda deyilir. Müsbət məqamlar olaraq cəsədlərin qalıqlarının qaytarılması, müharibədən təsirlənmiş əhaliyə humanitar yardım göstərilməsi vurğulanıb.

Eyni zamanda, atəşkəsin möhkəmlənməsi də alqışlanıb. Bununla yanaşı, Avropa İttifaqı hər iki ölkə arasında etimadın artırılması və davamlı sülhə doğru irəliləmək üçün yeni səylərin lazım olduğunu bəyan edib. Qurum aqressiv ritorikadan çəkinməyə, həmçinin ərazilərin minalardan təmizlənməsi kimi vacib məsələdə əməkdaşlığa çağırıb. Xatırladaq ki, 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan mina təhlükəsi ilə üz-üzə qalıb. Hərbi əməliyyatların yekunlaşmasından 5 ay keçməsinə baxmayaraq, Ermənistan 30 il ərzində işğalda saxladığı ərazilərdə basdırdığı minaların xəritəsini hələ də təqdim etməyib. Rəsmi İrəvan bununla sülh prosesinə mane olmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesini ləngitməyə və mülki şəxslər arasında daha çox itkilərin olmasına çalışır. 

Mövzuya münasibət bildirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Avropa İttifaqının minalanmış ərazilərlə bağlı Ermənistana çağırış etməsini təqdirəlayiq hal hesab etmək olar. Politoloq qeyd edib ki, müharibə sonrası əlaqələrin bərpası və inkişafı üçün vacib olan şərtlərdən biri də bu məsələdir:

"Avropa İttifaqı Qarabağ prosesində digər beynəlxalq qurum və təşkilatlar kimi hər zaman seyrçi mövqeyindən çıxış etdi. Doğrudur, Avropa İttifaqının bu işğalı tanıyan qərarı olmuşdu. Amma real şəkildə bu qərarın icra edilməsinə yönəlik heç bir addım atmamışdı, işğalçı Ermənistana təzyiq etməmişdi. Bu baxımdan, minalanmış ərazilərlə əlaqəli İrəvana edilən çağırış, ümid edirik ki, görüntü xatirinə deyil". 

A.Qasımov vurğulayıb ki, Ermənistan gec-tez bu tələbi yerinə yetirməyə məcbur olacaq:

"Qeyd edim ki, Avropa Parlamentində son əsir məsələsini səsverməyə çıxarmasına rəğmən Azərbaycanda minalanmış ərazilərin xəritəsi məsələsini gündəmə gətirəcək tələblə çıxış etdi. Bundan sonra Avropa İttifaqının bu məsələyə dair çağırış etməsi, hesab etmək olar ki, bu qurumun Azərbaycan tərəfinin haqlı tələbinin eşidildiyi anlamına gəlir. Ermənistan gec-tez bu tələbi yerinə yetirməyə məcbur olacaq. Son günlər Zəngəzurda əsgərlərin silahlarının yığılması, eyni zamanda, Xankəndidən erməni qoşunlarının çıxarılmasını göstərən kadrların yayılması onu göstərir ki, erməni tərəfi Azərbaycanın tələblərini yerinə yetirməyə başlayıb. Təbii ki, Azərbaycan tələblərinin yerinə yetirilməsi durumunda erməni əsgərləri də geri qaytara bilər. Bunlar bizim gözümüzdə əsir yox, terrorçudurlar. Avropa İttifaqının çağırışına İrəvandan müsbət cavab gəlməsi gözləniləndir. Çünki Paşinyan seçki qabağı erməni cəmiyyətini narahat edən bu məsələni həll etməyə məcburdur. Bunun yolu isə Azərbaycanın tələblərini yerinə yetirməkdən keçir".