Fermerlər əziyyət çəkməyəcək

Artıq kənd təsərrüfatı sahəsi də rəqəmsallaşdırılır

“AgroUber”də axtarış verərək, uyğun mexanizatoru tapa və xidməti sifariş edə bilər"


“Aqroservis” Açıq Səhmdar Cəmiyyətində fermer və mexanizatorlar arasında kommunikasiyanı həyata keçirən “AgroUber” mobil tətbiqinin təqdimatı olub. Android platformasında fəaliyyət göstərən mobil tətbiq müxtəlif aqroxidmətlər üzrə fermerlərlə və mexanizatorlar arasında onlayn platforma üzərindən əlaqələndirməni təmin edəcək. Fermerlər mobil tətbiqdən yararlanmaq üçün “AgroUber” proqramını mobil telefon cihazına yükləməli və qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş fermer istənilən mövsümdə müvafiq rayon və kənd üzrə aqrotexniki xidmətlər üzrə axtarış aparmaq imkanı qazanır. Proqram fermerin seçiminə uyğun olaraq mexanizatoru təyin edir və sifarişi formalaşdırır. Məsələn, hansısa fermerə əkin işləri üçün traktor lazımdırsa, “AgroUber”də axtarış verərək, uyğun mexanizatoru tapa və xidməti sifariş edə bilər. Bu proqram təminatı vasitəsilə ilkin mərhələdə traktorlar və asılan-qoşulan texnikalarla göstərilə biləcək bütün növ aqrotexniki xidmətlərin həyata keçirilməsi mümkün olacaq.

Qeyd edək ki, “AgroUber” proqramı Azərbaycanda aqrar sahədə ilk dəfə tətbiq olunur. İnnovativ metodlara əsaslanan bu proqram aqrotexniki xidmətlərin idarəçiliyində tamamilə şəffaflıq yaradacaq, zaman itkisinin qarşısını alacaq və fermerlərə operativ xidmət göstərməyə imkan verəcək. Eyni zamanda, bu yanaşma aqroxidmət göstərən mexanizatorlar arasında rəqabətliliyi artıracaq, paralel olaraq xidmətin keyfiyyətini yüksəldəcək. Mobil tətbiqdə xidmətin sifariş vəziyyəti proqram vasitəsilə izlənilir, 3-cü tərəf olmadan fermerlərin birbaşa mexanizatorlara çıxışı təmin edilir və vahid mexanizator bazası formalaşdırılır.

Məsələyə aydınlıq gətirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Şərq”ə açıqlamasında vurğulayıb ki, hazırda aqrar sektorun bu tip rəqəmsal həllərə ciddi ehtiyacı var. O qeyd edib ki, kənd təsərrüfatının rəqəmsallaşdırılması üçün atılan addımlar təqdirəlayiqdir: "Özüm də son illərdə intensiv və "ağıllı bağçılıq"a diqqət yetirdiyimdən bu sektorun problemləri ilə daha yaxından tanışam. Nazirliyin indiyədək ortaya çıxardığı Elektron Kənd Təsərrüfatı İnformasiya sistemi - eAgro sistemi daha çox nazirliyin öz daxili fəaliyyətini qurmağa, nazirliyə effektiv qərarlar qəbul etməyə kömək edirdi. Buna görə də bu resursun özünün təkmilləşdirilməsinə ciddi ehtiyac var.

Qeyd edim ki, sistemin yenilənməsi ləng aparılır və qanunvericilikdəki dəyişikliklər burada öz əksini gec tapır. Bəzən müşahidə edirik ki, sistemdəki elektron müraciətdən yerli DAİM qurumların, ümumiyyətlə xəbəri olmur.

Aqrar prosesin birbaşa iştirakçılarına, fermerlərə, aqrar mütəxəssislərə və işçilərə fayda verəcək rəqəmsal resurslar isə indiyədək hazırlanmamışdı. "AgroUber" rəqəmsal həlli isə məhz birbaşa proses iştirakçılarına yönəlib. Resurs müxtəlif aqroxidmətlər üzrə fermerlər və mexanizatorlar arasında onlayn platforma üzərindən əlaqələndirməni təmin edəcək".

O.Gündüz qeyd edib ki, bu resursla fermer istənilən mövsümdə müvafiq aqrotexniki xidmətlər üzrə axtarış aparmaq imkanı qazanır:

"Proqram fermerin seçiminə uyğun olaraq mexanizatoru təyin edir və sifarişi formalaşdırır. Fermerlərin birbaşa mexanizatorlara çıxışı təmin edilir və vahid mexanizator bazası formalaşdırılır. "AgroUber"lə ilkin tanışlığımda belə qənatə gəldim ki, resursun təkmilləşdirilməsinə, ciddi tanıtım və marketinq işlərinin təşkilinə, hər bir fermerin telefonunda bu resursun olması və datanın formalaşması üçün, rəqəmsal savadlılığın artırılması üçün nazirliyin yerli DAİM və digər qurumları tərəfindən dəstək tədbirlərinin aparılmasına ciddi ehtiyac var. Kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində nazirliyin və onun digər tabeli qurumların atdığı addımlar təqdirəlayiqdir".