Zallar açıldı, idmançılarda passivlik var


Onların əvvəlki vəziyyətinə qayıtması üçün 5-6 ay vaxt lazımdır

Bildiyimiz kimi, koronavirus pandemiyasının yayılması ilə ölkəmizdə bir çox yerlər bağlandı. Daha sonra mərhələli şəkildə yumşaldılma tədbirləri çərçivəsində bir çox məkanlar, iaşə obyektləri açıldı. Əlbəttə, açılmayan məkanlar da oldu ki, bunlardan biri də idman zalları idi. Nəhayət ki, bütün idmansevərlərin gözlədiyi kimi, idman zallarının da açılışına icazə verildi. Bir müddətdir idmandan kənar qalmış idmançıların durumu hansı vəziyyətdədir?

Kunqfu üzrə dünya və Avropa çempionu, qadınlardan ibarət milli komandanın baş məşqçisi Anar Süleymanov "Şərq"ə açıqlamasında bildirib ki, hazırda əsas məqsədlərdən biri idmançıların reabilitasiya müddəti, onlarda yenidən ruh yüksəkliyinin yaradılmasıdır. O qeyd edib ki, idmana yenidən kütləvi axının bərpa edilməsi çox vacibdir:

"Bunun üçün isə nazirlik tərəfindən yeni layihələrin təşkil olunmasına ehtiyac var. Təbii ki, bu barədə ilk növbədə mütəxəssislərlə geniş müzakirələr aparılmalı və ortaq nəticəyə gəlinməlidir. Çünki idmançılarımız uzun müddətdir ki, idmandan kənarda qalıblar. Onların tam formalaşması üçün 5-6 ay vaxt lazımdır. Təbii ki, hardasa idmançılarımızda passivlik müşahidə olunur. Bu da təbiidir, çünki bir ildən çoxdur ki, idmançılarımız peşəkar məşqdən tam kənarda qalıblar. Hesab edirəm ki, bunun tam bərpası üçün ən müasir və alternativ üsullardan istifadə ediləcək. Ümid edirəm ki, tez bir zamanda hər şey əvvəlki qaydasına düşəcək və idmançılarımız formalarını bərpa edəcəklər".
Əməkdar idman ustası, cüdo üzrə milli komandanın baş məşqçisi Ramin İbrahimov isə "Şərq"ə açıqlamasında bildirib ki, idman zalları açılsa da, hazırda bir çox problemlər mövcuddur: "İlk olaraq qeyd edim ki, pandemiya dövründə də məşqlərimizi davam etdirirdik. Həmçinin, təlim məşq toplantılarımız da olurdu. Ancaq ev məşqlərində bir sıra çətinliklərimiz olurdu. Sevindirici haldır ki, artıq idman zalları açıldı və biz sərbəst məşqlərimizi edə biləcəyik. Təbii ki, idmançılarımız indi də bir çox problemlərlə üz-üzədir. İdmançılarımız arasında vaksin vurdurmayanlar, allergiyası olanlar var. Həmçinin, bədənində antitel çox olanlar var ki, onlara vaksin vurdurmaq olmaz. Bildiyimiz kimi,  idmançılarımızın pasportları olmalıdır ki, onlar zala girə bilsinlər. Təbii ki, bu da idmançılara çətinliklər törədir. İnanıram ki, bu çətinliklərin öhdəsindən gələcəyik. Artıq paralimpiya oyunlarına çox az müddət qalıb. Ümid edirəm ki, oyunlara yaxşı hazırlaşacağıq".