Vahid ideya müstəqilliyimizi gücləndirdi

Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir

Xalqın birliyi, azərbaycançılıq ideologiyası ətrafında birləşə bilməsi onun mübarizə əzmini daha da gücləndirib

Azərbaycançılıq ideyasının kökündə vətəndaşlıq, vətəninə bağlılıq, onun güclənməsi, möhkəmlənməsi uğrunda mübarizə aparmaq dayanır 


Hər  bir xalqın və dövlətin inkişafı üçün önəmli olan amillərdən biri, bəlkə də birincisi, vahid ideoloji düşüncənin, ideoloji xəttin mövcud olmasıdır. Xalqın vahid ideologiya ətrafında birləşməsi dövlətin hərbi-siyasi-mədəni birliyinin, möhkəmliyinin formalaşmasına xidmət etmiş olur. Şübhəsiz ki, bu ideologiya demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına əsaslanmalı, milli maraqlara söykənməli, ayrıseçkiliyə, şovinizmə gətirib çıxarmamalıdır. Bu baxımdan dünyanın ən qədim, zəngin tarixə, milli-mənəvi dəyərlərə, adət-ənənələrə malik olan Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olmuşdur.

Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilmişdir. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir. Milli ideologiyamız olan azərbaycançılıq ideologiyası ölkədə kimliyindən asılı olmayaraq, bütün fərqli etnikləri bir arada birləşdirir. Sağlam təməllərə söykənərək, birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ifadə edir. Ona görə də azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. O qeyd edib ki, azərbaycançılıq ideyasının kökündə vətəndaşlıq, vətəninə bağlılıq, onun güclənməsi, möhkəmlənməsi uğrunda mübarizə aparmaq dayanır:

"Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaq, ölkəni siyasi-iqtisadi-hərbi-mədəni baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Yerləşdiyi əlverişli geosiyasi-geoiqtisadi mövqeyi Azərbaycana geniş üstünlüklər qazandırsa da, amma bir çox hallarda problemlər də yaşatmışdır. Tarix boyu böyük çətinliklərlə üzləşmiş Azərbaycan dövləti minilliklər ərzində dəfələrlə parçalanmağa, işğallara məruz qalmış, ermənilər və onların havadarları tərəfindən dəfələrlə azərbaycanlılara qarşı terror, soyqırım, deportasiya siyasəti həyata keçirilmişdir. Xalqı bu yollarla əzməyə, yox etməyə çalışsalar da buna nail ola bilməmişlər. Çünki Azərbaycan xalqı istənilən anda birləşməyi bacarmış, suverenliyi, azadlığı uğrunda birgə mübarizə aparmışdır.

Şübhəsiz ki, bunun ən mühüm səbəbi kimi xalqın vahid düşüncə ətrafında birləşə bilmək bacarığıdır. Müstəqilliyinin bərpasından keçən 30 il bir dövlət üçün qısa müddət olsa da, amma Azərbaycan üçün olduqca mürəkkəb və çətinliklərlə yadda qalmışdır.

Müstəqilliyə gedən yol olduqca keşməkeşli olmuşdur. Belə ki, xalqın öz azadlığı, suverenliyi uğrunda apardığı mübarizə, böyük qırğınlara və tələfatlarla nəticələnmiş olsa da öz müsbət bəhrəsini vermişdir. Totalitar, işğalçı Sovet rejimi süquta uğramış, demokratik, sivil cəmiyyətə inteqrasiya imkanı yaranmışdır. Göründüyü kimi, diktatura, şovinist bir rejimdə yaşamasına baxmayaraq Azərbaycan xalqı özünün milli dəyərlərini, azadlıq, müstəqillik ideyalarını qoruyub saxlaya bilmişdir. Xalqın birliyi, vahid ideologiya ətrafında birləşə bilməsi onun mübarizə əzmini daha da gücləndirmişdir. Xalqımız müdrik olduğu üçün, hər zaman düşmənə qarşı səbirli davranmış, amma haqqının tapdanmasına heç zaman razı olmayıb. Çünki uğrunda Şəhid olmağı özü üçün böyük şərəf bilən igidləri, o cümlədən müdrik və uzaqgörən şəxsləri buna heç zaman imkan verməmişdir".

R.Hüseynov əlavə edib ki, məhz bu baxımdan Ermənistan tərəfindən həyata keçirilmiş işğalçılıq, soyqırım və terror siyasətinə səbr nümayiş etdirməsi, problemin danışıqlar yolu ilə həllinə tərəfdar olması onun humanizm dəyərlərinə, sülhsevər düşüncəyə malik olmasından irəli gəlirdi:

"Bu heç də onun mübarizə aparmaq, düşməni məhv etmək və işğal altında olan torpaqlarını geri qaytarmaq iqtidarında olmaması demək deyildir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində göstərdiyi şücaəti ilə özünün kimliyini sübuta yetirdi: Azərbaycan xalqının birliyi, həmrəyliyi və Azərbaycan Ordusunun rəşadəti, mübarizliyi, yüksək peşəkarlığı Ermənistan üzərində qələbə qazanmağa, işğal edilmiş torpaqlarının əksəriyyətinin azad edilməsinə nail oldu. Müharibə dövründə tam olaraq birləşməyi, vahid məqsəd ətrafında mübarizə aparmağı, özünün bütün imkanları ilə səfərbər olmağı özü üçün ən ali vəzifə hesab edən Azərbaycan xalqı böyük bir örnək nümayiş etdirdi. Hazırkı dönəmdə Azərbaycan xalqı olaraq qarşımızda dayanan ən böyük məqsəd sosial-siyasi-iqtisadi mənsubiyyətindən asılı olmayaraq azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməyi bacarmalı, ordumuzun qazandığı bu qələbəni möhkəmləndirməli, dövlətimizin istənilən hərbi-siyasi müdaxilələrə məruz qalmasına yol verməməliyik. Təhlükəsizliyinin təmin edilməsi, iqtisadi-hərbi gücünün artırılması, vətəndaşın sosial rifahının daha yaxşı olması üçün dövlət və cəmiyyət olaraq çalışmalıyıq. Hazırkı geosiyasi gərginliyin, yeni dünya düzəninin, yeni çağırışların, reallıqların formalaşdığı dönəmdə bir dövlət olaraq mövcudluğumuzu qoruyub saxlamaq, onu möhkəmləndirmək üçün rəqabətə hazır olmalıyıq. O cümlədən, geosiyasi güclərin apardığı mübarizədə öz maraqlarımızı qorumağı bacarmalıyıq".