Güzəştli kreditlərə çıxış asanlaşdırılıb

Sahibkarlar kreditə müraciət edən zaman onlardan hər hansı bir girov tələb olunmur”

Vüqar Bayramov: “Elektron kredit platforması şəffaflıq, eləcə də kənar müdaxilənin minimumlaşdırılması baxımından vacib hesab olunur”

Sahibkarlığın inkişafı ölkəmizdə əsas prioritet məsələlərdən biridir. Bu məqsədlə Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərə çıxış asanlaşdırılıb. Həmçinin güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizə endirilib. Nəzərə alaq ki, 2010-2020-ci illər ərzində investisiya layihələrinin ümumi dəyəri 5 milyard manat olan 28 700-dək sahibkara 2,1 mlrd. manat, o cümlədən 28 100-dək kiçik və orta həcmli layihəyə 421,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 90 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Həmçinin, kreditlərin 73,8 faizi aqrar sektorun, 26,2 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib, 73,7 faizi regionların, 26,3 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşüb. Sahibkarlığın inkişafı üçün Elektron Kredit Platforması sistemi qurulub.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov “Şərq”ə Elektron Kredit Platforması sisteminin əhəmiyyətindən danışıb. Deputat vurğulayıb ki, bu platforma kreditlərin elektron müraciətini özündə ehtiva edən bir sistemdir:

“Təbii ki, bunun özəlliyi ondan ibarətdir ki, bu kreditlərə elektron və internet üzərindən müraciətin həyata keçirilməsinə imkan yaradır. Bu çox vacib platformadır. Çünki elektron müraciət şəffaflıq, eləcə də kənar müdaxilənin minimumlaşdırılması baxımından vacib hesab olunur. Nəticədə sahibkarın güzəştli kreditə müraciəti, həmçinin onun müraciət tarixi nəzərə alınmaqla ardıcıl şəkildə baxılır və qərar verilir. Eyni zamanda sahibkar artıq müraciət edən zaman Elektron Kredit Platforması vasitəsilə bir neçə banka müraciət edə bilir. Bu da təbii ki, sahibkara zaman və müraciətin şaxələndirilməsi baxımından yeni imkanlar yaradır”.

V.Bayramov əlavə edib ki, elektron kredit platforması ilə təklif edilən kreditlərdə  mühüm məqam ondan ibarətdir ki, sahibkarlar kreditə müraciət edən zaman onlardan hər hansı bir girov tələb olunmur:

“Yəni bu sistem vasitəsilə girov mexanizmləri təkmilləşmişdi. Nəticə etibarilə sahibkarın həmin kreditlə aldığı məhsul, avadanlıq, texnologiyanın özü girov kimi çıxış edirdi. Bizim apardığımız təhlillər də göstərir ki, sahibkarlar üçün ən ciddi maneələrdən biri məhz banklar tərəfindən girovun tələb olunmasıdır. Bu sistem imkan verir ki,  sahibkar hər hansı bir əmlakı girov olaraq təklif etmədən öz aldığı avadanlığını girov olaraq təklif etməklə  kreditə sahib ola bilsin. O baxımdan yeni platformanın tətbiqi bir tərəfdən kreditlərin verilməsində şəffaflığı artıracaq, həmçinin sahibkarların kredit satanlığın genişləndirilməsinə imkan verəcək. Eyni zamanda daha təkmil girov mexanizmi ilə sahibkarlar kreditlərə müraciət edə biləcəklər”.