Nəticələr aşağıdır! - “Pandemiya tədris prosesinə ciddi təsir göstərib” 

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə iyulun 14-15-də keçirilən qəbul imtahanları ilə bağlı statistik göstəriciləri açıqlayıb. İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 37 793 abituriyentdən (II qrup üzrə 16 758 nəfər, III qrup üzrə 21035 nəfər) 1767 nəfəri (II qrup üzrə 1021 nəfər, III qrup üzrə 746 nəfər) imtahanda iştirak etməyib.


İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Nəticələri barədə fikirlərini “Sherg.az”la bölüşən tarix elmləri üzrə fəlsəfə doktoru, təhsil ekspert Kamran Əsədovun sözlərinə görə, builki qəbul imtahanlarında 2-ci və 3-cü ixtisas qrupundan 700 bal yığan olmadı:

“Ən yüksək nəticə 2-ci ixtisas qrupunda idi. Salyan rayon 4 saylı orta məktəb şagirdi 691 bal toplayıb. 3-cü ixtisas qrupunda isə ən yüksək nəticə 680 bal olub. Bu, kifayət qədər yaxşı nəticə hesab oluna bilər”.

Ekspert qeyd edib, pandemiya tədris prosesinə ciddi şəkildə təsir göstərib:

“Bu il 2-ci ixtisas qrupu üzrə nəticə keçən ildən yüksəkdir. 2021-ci ildə 2-ci qrupda ən yüksək nəticə 691 bal idisə, 2020-ci ildə 2-ci ixtisas qrupunda 690-dan yüksək bal toplayan olmamışdı. Keçən il 3-cü ixtisas qrupu üzrə nəticə daha yüksək idi. 2020-ci ildə 3-cü ixtisas qrupunda 690-dan yüksək nəticə var idisə, bu il 680 ən yüksək göstəricilərdəndir. Həmçinin 2020-ci ildə 8 abituriyent 690-dan yüksək bal toplamışdısa, 2021-ci ildə həmin abituriyentlərin sayı 1-dir”.