Azərbaycan gəncliyini məhv etmək istəyirlər


Elçin Alıoğlu: “Patı”nın ölkəmizdə yayılmasında İrandakı narkotacirlər fəal rol oynayırlar"

Məlum olduğu kimi, “patı” adlanan narkotik maddə son vaxtlar ölkəmizdə kütləviləşməkdədir. Nəticədə onlarla gənc dünyasını dəyişir. Özləri də necə olduğunu bilmədən yıxılıb qalırlar... Analoji bədbəxt hadisələrin fonunda müxtəlif iddialar ortaya çıxmaqdadır. Onlardan biri də “patı”nın Xankəndidə istehsal olunmasıdır.
 Jurnalist, siyasi şərhçi Elçin Alıoğlu “Şərq”ə açıqlamasında bu məsələyə aydınlıq gətirib:

“Həmin narkotik maddənin adı metamfetamindir. Tək Azərbaycanda yox, bütün Avropada yayılıb. “Kasıblarn kokaini” adlanan maddənin Xankəndidə istehsal olunduğuna inanmıram. Düzdür, resepti çox sadədir. Hətta ev şəraitində də hazırlana bilər. Bunun üçün xüsusi laboratoriyaya ehtiyac yoxdur. Lakin Xankəndidə istehsal olunursa, Azərbaycana necə, hansı yolla gəlir?! Bu çox irrasional məsələdir”.

E.Alıoğlunun fikrincə, məsələnin arxasında başqa məqamlar var: “Patı”nın ölkəmizdə yayılmasında İrandakı narkotacirlər fəal rol oynayırlar. Məqsəd Azərbaycan gəncliyini məhv etməkdir. Narkotik maddə istifadəçiləri onlara yeni ideologiya verən inanc yeri axtarırlar. Hədəf də elə budur - gəncləri ictimai-siyasi həyatdan kənarlaşdırmaq. Narkotik maddədən istifadə edənlər iradəsiz, qətiyyətiz olurlar. Və onların neqativ emosiyaya köklənməsi, aqressivləşməsi an məsələsidir. Nəticə etibarı ilə “patı”nın bu qədər kütləviləşməsi dövlətçiliyimizə, konstitusion quruluşumuza çox ciddi təhdiddir”.