Latviyada IV Beynəlxalq İncəsənət Festivalı keçirilib 

30-31 iyul tarixlərində Latviyanın Gulbene şəhərində “Divi Juliji” IV Beynəlxalq İncəsənət Festivalı keçirilib.

Milli Xalça Muzeyindən APA-ya verilən məlumata görə, festival bu şəhərdə anadan olmuş tanınmış iki rəssam – Yulius Straume və Yulius Madernieksin xatirəsinə həsr olunub.
İyulun 30-da festival çərçivəsində Gulbene Bələdiyyə Tarix və İncəsənət Muzeyində IV Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova “Azərbaycan xalça mədəniyyəti: Ənənə və müasirlik” adlı məruzə ilə çıxış edib.

Ş.Məlikova tədbir iştirakçılarına qədim xalça sənəti, Azərbaycan Milli Xalça Muzeyinin tarixi və onun yaradıcısı, görkəmli alim Lətif Kərimov, vaxtilə Qafqaz Kustar Komitəsinin rəhbəri olmuş, latviyalı Yulius Straumenin Qafqazdakı fəaliyyəti haqqında müfəssəl məlumat verib. Direktor ölkəmizdə xalçaçılıq sənətinin əsas inkişaf istiqamətləri, o cümlədən, müasir rəssamların yaradıcılığında ənənələrin yaşadılması prosesini xüsusi olaraq vurğulayıb. Bu kontekstdə də Azərbaycan Milli Xalça Muzeyinin həm ölkəmizdə, həm də xaricdə keçirtdiyi layihələr ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını, son dövrdə ənənələrin yeni interpritasiyada təqdim edilməsini müasir rəssamlar Faiq Əhməd, Çingiz Babayev (CHINGIZ) və digərlərin əsərlərində müşahidə edildiyini söyləyib.

Ş.Məlikovanın öz məruzəsində qeyd etdiyi Azərbaycan xalçaçılıq sənətinin günümüzdə davamlı olaraq yeni yanaşmalarla daha da zənginləşməsinin bariz nümunəsi olan ən son layihələr – Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş xalça eskizi müsabiqəsi və Kazan şəhərində təşkil olunmuş “Xalça sənəti – mənaların təkamülü” sərgisi haqqında təqdimatı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Konfransda həmçinin Latviya, Türkiyə, Danimarka, İrandan olan mütəxəssislər müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Sonda konfrans iştirakçıları arasında müzakirələr aparılıb, Gulbene Bələdiyyə Tarix və İncəsənət Muzeyinə Azərbaycan Milli Xalça Muzeyinin nəşrləri təqdim olunub, konfrans iştirakçılarına isə muzeyin promo-materialları – açıqcaları, broşürləri paylanılıb.


Festivalda sərgilər, xalçatoxuma, boyaqçılıq, xəttatlıq və dekorativ-tətbiqi sənətin digər sahələri üzrə ustad dərslər də keçirilib.