Mərhum xalq şairi Hüseyn Arif gözəl şeirlər müəllifi olmaqla yanaşı, çox baməzə insan olub. Hətta onun zarafatlarından ibarət “Hüseyn Arifin lətifələri”adlı kitab da dərc olunub. Və bu kitab oxucuların marağını cəlb edə bilib.
Hüseyn Arifin maraqla qarşılanan dialoq və zarafatlarından biri də xalq şairi Nəriman Həsənzadə ilə yaşanıb. Həmin dövrdə N.Həsənzadə Azərbaycan Yazıçılar Birliyinin partiya təşkilatında çalışırmış. 3 ay imiş Hüseyn Arif üzvlük haqqını vermirmiş. Həmin dönəmdə üzvlük haqqının gecikməsi müəyyən narazılıqlar, çətinliklər yaradırmış. N.Həsənzadə də bunu nəzərə alaraq H.Arifin evinə zəng edir:
-Ay Hüseyn qağa, 3 aydır, üzvlük haqqını vermirsən.
- Nəriman, onda belə edək, mən onu telefonla ödəyim- Şair ciddi səs tonu ilə cavab verir.
-Buyur ödə – N.Həsənzadə bilmədən razılaşır.
Və dəstəyi asandan sonra ağlına gəlir ki, ev telefonu ilə üzvlük haqqı ödəmək mümkün deyil axı. Və növbəti dəfə zəng açsa da, H.Arif zənglərə cavab vermir. Bax beləcə H.Arifin növbəti zarafatı N.Həsənzadəni də çətinə salıb.
Qeyd edək ki, bunu N.Həsənzadə İTV-də Hüseyn Arifə həsr olunmuş verilişdə ərz edib.