Filologiya elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin televiziya və radio jurnalistikası kafedrasının müəllimi, Dövlət İmtahan Mərkəzinin (DİM) eksperti, Azərbaycan Teleradio Verilişləri QSC-də Beynəlxalq radionun şöbə müdiri Natəvan Dəmirçioğlu Analoq.az -a müsahibə verib.Həmin müsahibəni təqdim edirik:
-Natavan xanım gərgin iş rejiminiz var. Radio-televiziya, universitet. Bu çətin iş rejimində yaradıcılıqla və elmi fəaliyyətlə də məşğulsunuz. Vaxtı daha çox nəyə xərcləyirsiniz?
-Əvvəla dəyər verdiyinizə görə təşəkkür edirəm. Sonra deyim ki, qazanılan uğur, itirilən enerjini motivasiya edir. Nə qədər əziyyət çəksən də, uğur qazanarkən itirdiyin enerji bərpa olunur. Bu mənim uğur düsturumdur. Başqalarından daha çox iş görən insanlar, ümumiyyətlə, proqramlaşdırılmış şəxslərdir.
Belə insanların zəhmətin çoxluğundan şikayəti yoxdur. Əksinə, görməli olduğun işlərə macal tapıb, reallaşdıra bilmədikdə darıxma, üzülmə, gərginləşmə yaranır. Vaxta gəldikdə isə... Atalarımız deyib: “Vaxt qızıldır.” Görünür, böyük sözləri və böyük həqiqətləri dərk etmək üçün insan müəyyən qədər yetkinləşməlidir.
Mən bu həqiqətin əvvəllər heç fərqində olmamışam. İndi vaxt sarıdan çox əziyyət çəkirəm. Dünyada vaxtdan qiymətli heç nə olmadığına inanıram. Doğrudan da, “vaxt qızıldır.” Baxır vaxtı nəyə və necə sərf edirsən, vaxtdan əlində nə qalır. Vaxtdan əldə qalanlar sənindir, özü isə su kimi axıb gedir. Mən vaxtı xərcləmirəm, zamanı işə köçürtməyə çalışıram. Həmin anda daha çox nəylə məşğul olma zərurətini isə elə işlər özləri həll edir.
-Yeni nə yazmısınız?
-Heç kəs bilməsə də həmkarlarım bilir ki, mən hər gün yazıram. Verliş senarisi, məqalə, elmi çıxış və sair və ilaxır. Bu il bir neçə hekayə mövzusu yarandı və sonra itib getdi. Heyf yazmadım. “Açar” romanını bitirmədən, başqa bədii yazı üzərində işləyə bilmirəm. Bu romanı bitirmək, təssüf ki, 2020- ci ilə qaldı.
-Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu mövzusunda dissertasiyanız var. Bilmək istərdim Azərbaycan radiosunun xidməti Güneydə folklor, etnoqrafiya, dil, ümumiyyətlə,mədəniyyətin inkişafında hansı dərəcədədir. Və nəyi edə bildi?
-İcazənizlə bu sualın cavabında hələ də imkan tapıb kitab halında nəşr etdirmədiyim dissertasiyamdan bəzi məqamlara diqqətinizi cəlb etmək istərdim: ”Adından da məlum olduğu kimi mövzu Güney Azərbaycan məsələsini gündəmə gətirir. Bu isə müstəqil Azərbaycan dövlətinin siyasəti ilə üst-üstə düşür. Çünkü, Azərbaycan dövləti azərbaycançılıq faktına ciddi önəm verir, dünyaya səpələnmiş altımış milyonluq Azərbaycan türkünün vahid, müstəqil vətəni kimi öz üzərinə böyük, tarixi missiya götürür. Azərbaycan hakimiyyəti Azərbaycan diasporunun, lobbisinin təşkilatlanmasına maraqlıdır. Azərbaycanın üzləşdiyi Qarabağ problemi, Ermənistan müharibəsi, regional məsələlər bunu tələb edir.
Sayı altımış milyon hesablanan Azərbaycan türkünün tarixi bir problemi mövcuddur. Gülüstan-1813 və Tükmənçay-1828 müqavilələri Azərbaycanı iki yerə bölərək xalqımızın hüquqi cəhətdən parçalanmasına səbəb olmuşdur. Hər iki müqavilə Rusiya və İran arasında bağlanmışdır.
Araz çayından Quzey hissə Rusiyaya, Güney hissə isə İrana qatılmışdır. Beləliklə, Azərbaycan öz bütövlüyünü itirmişdir. Lakin Azərbaycan bu müqavilənin heç birində tərəf kimi iştirak etməmiş və müqaviləyə imza atmamışdır. Bu cəhət müqavilələrin tam hüquqi dəyərinə xələl gətirir.
İkinci bir səbəb müqavilənin hüquqi gücünü sarsıdır. 28- ci il müqaviləsi 90 il müddətinə bağlanmışdır.
Göründüyü kimi müddət 200 ili keçir. Müqavilə isə qeyri-hüquqi olaraq qüvvədədir. Tarixçilərin tədqiqatlarında göstərilir ki, müqavilələrdə ömürlük sözü yazılmayıb. Demək, müqavilələr ömürlük ola bilməz.
Üçüncü bir siyasi məsələ müqavilələri tam şəkildə sarsıdır: Rusiyanın tərkibində olan Quzey Azərbaycan 1992-ci ildə öz bağımsız dövlətini qurdu. Hazırda Rusiya və Azərbaycan bərabərhüquqlu region dövlətlərdir. Məntiqi olaraq Rusiya “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə birdəfəlik qurtardı. Belə çıxır ki, müasir Rusiya tarixi cinayət aktından əl çəkmiş, İran isə hüquqi qüvvəsini itirmiş müqavilənin sahibidir.Təbii ki, bu mümkün deyil. Əgər iki dövlət arasında imzalanan müqavilədən dövlətin biri əl çəkmişsə, müqavilə və onun şərtləri öz hüquqi qüvvəsini avtomatik olaraq itirmiş olur.
...Siyasi cəhətdən bölünmüş Azərbaycanın böyük mənəvi birliyi vardır. Quzey Azərbaycanın paytaxtı Bakıdan Güney Azərbaycana yayımlanan verlişlərin əsas məqsədi xalqı özünə tanıtmaq və onun dil gözəlliyini, mənəvi varlığını özünə sevdirməkdir. Güney Azərbaycana yayımlanan radio verlişləri güneylilər üçün doğma bir səsdir.
Tarixdən saysız-hesabsız sübutlar gətirmək olar ki, əgər xalq, millət müəyyən bir zaman kəsimində bu və ya digər imperiyanın təzyiqi altında yaşamışsa, vaxtı gələndə, siyasi şərait yetişəndə o imperiya buxovlarından azad ola bilir. Amma milli mədəniyyətin unudulması- könüllü şəkildə dəyişmə və ya yabançı dəblərə uyma toplumu kültür imperializminin buxovuna salır və sonradan xilas çətin olur.
O səbəbdən də milli mənəvi dəyərləri: öncə dili, tarixi, etnoqrafiyanı, folkloru, ədəbiyyatı, musiqini, geyim və davranış özəlliklərini, mətbəxini qorumaq gərəkdir.” Azərbaycan radiosunun Güneyə verilən verlişlərində bu ideya əsas götürülür və bu istiqamətdə xidməti misilsizdir. Konkret faktlar üçün ayrıca bir müsahibə lazımdır.
-Azərbaycan yazıçısı dünyaya çıxa bilmir. Bunun üçün nə çatmır. Deyərdim ki, dünyaya çıxacaq kifayət qədər istedadlı yazıçı, şairlərimiz də var. Dünyaya çıxış da asanlaşıb. Amma o yolu ya tapa bilmirik ya da yolun axırına vara bilmirik.
-Dünyaya çıxmaq üçün dünyanın dilini bilmək gərəkdır. Bütün parametrlərdə. Həm sözün həqiqi mənasında, həm də məcazi mənada. Dünyəvi düşünmək və yazmaq. Biz daha çox milli düşünürük. Milli və bəşəri olmaq istənilən əsərin qoşa qanadıdır.Qanadın biri olmayanda uzağa uçmaq olmur. Dil bilgisinə sahiblik, interaktivlik bu məsələdə şərtdir. Bir də piyar və pul lazımdır.
-Universitetdə dərs deyirsiniz.İstedadlı tələbələrin gələcəkdə iş - əmək fəaliyyəti üçün bir müəllim kimi köməklik edə bilirsinizmi?
-Siz bu müsahibədə birbaşa ağrılı məsələlərə toxunursuz. Tələbəyə müəllim kimi köməklik edə bilmək üçün müəyyən səlahiyyətlərə sahib olmalısan. Mən tələbəni övlad hesab edən adamam. Bunu mənim övladlarım da bilir, tələbələrim də. Kömək üçün istək şərtdir, amma vasitə deyil, vasitə imkanlara sahib olmaqdır. Bununla belə, elə faktlar olub. Tələbələrimdən ötrü vəzifəli həmkarlarımdan xahiş etmişəm, işə düzəldə bilməsəm də əməkdaşlıq etmələrinə yardım göstərmişəm.İstedadlı tələbədə özgüvən yaratmaq da müəllimin böyük dəstəyidir.
-Televiziyalarımızın vəziyyəti sizi qane edirmi. Belə bir fikir varki bu gün televiziyalarda peşakarlar çalışmır. Sizcə niyə?
-Televiziyalarımızın bu gün ən böyük problemi hər bir TV- nin ayrıca poqram siyasətinin olmamasıdır. Fərdi proqram siyasəti, ideya istiqaməti, əsas hədəf nöqtələri, maliyyə resursları, TV-nin simasına çevrilə bilən yüksək imicli aparıcı... bunlar ciddi məsələlərdir. Bunları kompleks şəkildə ancaq peşəkarlar həll edə bilər. Televiziyalarda peşəkarlar çalışmır, niyə? Ona görə ki, peşəkarlar indiki ictimai, iqtisadi, sosial reallıqda o qədər də para qazana bilmirlər. Pul qazanmaq yollarını bilən qeyri jurnalistlər hazırda Azərbaycan teleməkanında at oynadırlar. Və bütün dəyərlər o “atların” dırnaqları altında qalıb.