Əlimdə kitab ... amma kitabı deyil, fikirlərimi vərəqləyirəm....  

“Bir  də  gəlməyəcək...“ deyə

Həyatda  hər bir  insan  öz  düşüncələrinin,   addımlarının,  fikirlərinin  məhsuludur. 
İllər  qabaq  bir  qonşum vardı,  yaşlı qadın idi,  Qənirə  xala. Əsilli-nəcabətli bir  ailə idilər. Qızları həkim, oğlu  mühəndis idi.  Qarabağ müharibəsi hamı kimi onları da  evsiz, işsiz, yurdsuz-yuvasız   qoymuşdu. Bir gün  qapı döyüldü  və  utana-utana  “ay Gülşən,  qadan  alım,  səndən bir  xahişim var. Bilirsən də, nəvəm  universiteti  qurtarıb  işsizdir. Bəlkə yanında-yörəndə  bir  iş ola”.

O  vaxt  mən  7 il çalışdığım “Ədalət” qəzetindən  yenicə  çıxıb nazirlikdə  işə  başlamışdım.  Qənirə  xalanın  yoldaşı Böyük  Vətən müharibəsində vuruşmuşdu. Müharibə  veteranlarının imtiyazları ilə  bağlı   arada  gəlib maraqlanırdı, söhbət edirdi.



Bacardığım  qədər  ona nələrdəsə kömək  olmağa çalışırdım.  Bir  neçə  gündən  sonra  Qənirə  xala   yenə  bizə  gəldi. Birdən  ağlıma   hardan gəldisə,  Rəşad  Məcidin telefon  nomrəsini,  iş yerinin  ünvanını verdim  dedim ki, bu insan sənə kömək  edəcək. Elə  əminliklə  dedim ki, Qənirə  xala  durub  üzümdən öpdü. 

Elə bildi ki, mən  danışıb  nəyisə  həll  eləmişəm.  Əslində heç nə  etməmişdim. Sadəcə,  Rəşad  Məcid   mərhəmətini, insanlığını hiss  etmişdim. Çünki  “525-ci  qəzet”i yaradan, o cür  şeirlərin  müəllifi olan   vətənpərvər  və  ziyalı  insan   laqeyd ola  bilməzdi   yaşlı Qənirə xalaya.

Bir  neçə gün  keçmişdi,  Qənirə  xala bizə   gəldi. 70  yaşlı insanın  üzündəki   xoşbəxt   təbəssüm məni   duyğulandırdı. “Qurban olum   sənə   ay Gülşən,  getdim  ey Rəşad müəllimin yanına, az,  nə yaxşı   insanmış.  Tanıdım  ey,  Ağdamda   qonşumuz  olub. Vallah,  məni   elə qarşıladı  elə, yola  saldı ki, Allah  ona ömür versin. Dedi birinci gündən  nəvən  gəlsin”.

Övladlarına  düşgün, nəvələrini  sevən  70  yaşlı  Qənirə  xalanın  sevinci,  xoşbəxtliyi  Rəşad  Məcidi    “xoşbəxt “  etməyə  bilməzdi.   On-onbeş   il  keçib,  hələ  də Qənirə xalanın  nəvəsi  Sevinc Qarayeva,  deyəsən, hələ  də orda  çalışır. Əslində  bu  məsələni  Rəşad  müəllim   özü  də bilmir. Amma  yəqin ki, indi xatırlayacaq. 

 Kimlərisə kiməsə  görə, kimlərinsə  yazılarına  görə  deyil,  öz  düşüncə   və mövqeyinə  görə   dəyərləndirmək lazımdır.
  İnsan  o zaman “yaxşı insan” adlanır ki,  o, könüllərdə, düşüncələrdə    fəth  edilir.  Məhz  o  insanın  böyüklüyü,   aliliyindən  xəbər   verir.  Kim  olursan ol, hansı   vəzifədə  olursan ol, birinci  “ İNSAN“ olmaq lazmdır  kəlamını haqqı  ilə,  bütövlüyü  ilə  haqq  edən  Rəşad  Məcid...

 Haqqında lap çoxdan  yazmaq  istəyirdim, hər  zaman da  yazmaq  istəmişəm. Fikirlərinin, şeirlərinin, düşüncələrinin sahibidir Rəşad  Məcid. Saatlarla və yaxud mütəmadi olaraq görüşmək, söhbət etmək nəsib olmayıb. Tədbirlərdə, konfranslarda ayaqüstü  salamlaşmışıq,  görüşmüşük,  vəssalam. Hər  dəfə   də içdən gələn səmimiyyət  və  hörmət  hiss  olunub. 



Ziyalılıq, səmimilik,  ciddiyət  formasında  yumor  hissi  və  alicənablıq  Rəşad  Məcidin   alın  yazısıdır. O, başqa  çür  ola bilməzdi. Çünki o, həyatın,   təcrübənin,  keşməkeşlərin,   acıların “ali məktəbini”  keçib.  O “ali məktəbdə” dərs   vəsaiti  deyil,  Tanrı   sevgisi, insanlıq  dərsi,  anlayış,   mərhəmət,  sevgi  öyrədilir. Rəşad  Məcid  Tanrının  sevdiyi  bəndələrindəndir ki,   cəmiyyətdə  insan, şair,  ziyalı  kimi sevilir,  yazılır, deyilir...

Əzabın, sitəmin içində  azdım,
Gah kəfən geyindim, gah qəbir qazdım,
Bilsəydim, əvvəldən heç başlamazdım,
Öldüm  yaza-yaza  bu şeirləri.

Daşıdım əlimlə  baş daşlarımı,
Başladım yenidən  savaşlarımı.
Hər  gün neçə dəfə  göz  yaşlarımı
Sildim  yaza-yaza   bu şeirləri.

Günəşim  yox  olar, işığım  sönər
Hər sözün kədərə, qəhərə   dönər
Sənsiz  yaşamağım  zəhərə  dönər
Bildim yaza-yaza  bu şeirləri...



Rəşad  Məcid  yazmaq, yazdırmaq  üçün gəlib  bu dünyaya.

Müqəddəs kitabımız Quranda deyilir ki, əgər  Allah bir bəndəsini   sevirsə, ona   ömrünü ən yaxşı işlərə sərf etməyə izn   verer.  Yaxşı  iş  Allahın sevdiyi insana hədiyyəsidir! 

  Mən  də  elə düşünürəm ki,  Rəşad  Məcidi  Tanrı  sevir.  Sevdiyi  üçün  qələmi parlaqdır, işıqlıdır   və o işıgın  ətrafında   “525-lərlə “  insan  işıqlanır.  Rəşad  Məcid böyük   məktəb keçib.  Bu gün  də  o keçdiyi məktəbdən  öyrənirlər, yazırlar. O  məktəbdən  yalnız o keçməyib, çoxları  keçib,  amma  onların hamısı  Rəşad  Məcid  olmayıb.  Çünki  Rəşad Məcid olmaq  üçün Tanrını  sevməliydin,  əzablara  qatlanmalıydın,   zəhmət  çəkməliydin, cəfakeş  olmalıydın!  Düşünməyi   və düşündürməyi  bacarmalıydın.


Özüm  də bilmirəm, görəsən nədi,
Bu qədər  əzabdan qoruyan məni.
Necə adlamışam, bu qədər səddi,
Niyə  aparmadı bu tufan məni?!

Hərdən mat qalıram sağ qaldığıma
Bu acı mərəzdən sağaldığıma.
Min cür şübhə-güman gəlir ağlıma?
Bəlkə hifz  eləyib, Yaradan məni?!

Bir sözü qatildi, bir sözü qurban,
Özü həm dərd verdi, həmdə ki, dərman.
Özü xilas  etdi öz azarından
Allahın bəxşişi- o  adam məni!

Deyən Rəşad  Məcid  üçün  heç  də  hər şey rahat  və hazır  olmayıb. Zəhmət, istedad,  səbr, vicdan və bacarıq    Rəşad Məcidin yol  yoldaşı  olub.
 Mənim Rəşad  Məcidin   poeziyası,  yaradıcılığı  haqqında   söz  demək  haqqım  yoxdur.

Çünki  onun  yaradıcılığı haqqında ədəbiyyatımızın keşiyində  duran söz sahibləri, işıqlı  simaları, Anar, M.Araz, Elçin, Vaqif Yusifli...  və bir çoxları yazıblar deyiblər.

Mən isə  bir oxucu  olaraq öz mövqeyimi bildirməyə  çalışdım. Sonda  isə   unudulmaz   Xalq  şairimiz  Məmməd  Arazın Rəşad   Məcid  haqqında  dediyi   fikirlərlə bitirmək istərdim. “Belə oğullar lazımdır...Vətənpərvər, ziyalı, dövlətçiliyimizi  sevən, dövlətçiliyimizi qorumaq üçün  canından keçə  bilən  oğullar. Rəşad belə  oğuldur”.

Gülşən  Behbud