“İnanıram ki, bu addım Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasına öz töhfələrini verəcək”
"Əlbəttə, bundan ən çox qazanan ədəbiyyatımız, mədəniyyətimiz olacaq”
Bu günlərdə ölkəmizin elmi, ədəbi, ictimai həyatında çox əlamətdar bir hadisə baş verib – “Azərbaycanda Peşəkar Tərcüməçilər Assosiasiyası” İctimai Birliyi təsis edilib. Birliyin rəhbəri Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulladır. Assosasiyanın əsas məqsədi peşəkar və gənc yazıları bir araya toplamaqdır. Əlbəttə, sözügedən təşəbbüs onu deməyə əsas verir ki, bundan sonra Azərbaycan əsərləri daha geniş areala yayılacaq.
Bir çox ziyalıların Kamal Abdullanın bu addımını alqışlaması və rəğbətlə qarşılaması heç də təsadüfi deyil.
Yazıçı, tərcüməçi Nəriman Əbdürrəhmanlı bu barədə fikirlərini “Sherg.az”a bildirib. O, “Azərbaycanda Peşəkar Tərcüməçilər Assosiasiyası” İctimai Birliyinin yaradılmasını yüksək qiymətləndirib:
“Azərbaycan mədəniyyətinin inkişafına təkan verən hər cür layihəni dəstəkləyirəm. Bu da onlardan biridir. Məqsəd Azərbaycan ədəbiyyatını dünyada tanıtmaqdır. Düzdür, illərdir ki, bu sahədə işlər gedir.
Azərbaycan Dövlət Tərcümə Mərkəzi də öz uğurlu fəaliyyəti ilə seçilirdi. Amma fikrimcə, belə bir qurumun yaradılması görülən işləri daha da sürətləndirəcək.
İnanıram ki, Xalq yazıçımız Kamal Abdulla Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasına öz töhfələrini verəcək. Bircə arzum budur ki, koordinasiyalı fəaliyyət gösrərilsin, digər aidiyyəti qurumlarla da əməkdaşlıq edilsin.
Əlbəttə, bundan ən çox qazanan ədəbiyyatımız, mədəniyyətimiz olacaq”.