Fərqli olanda həm ayağa əziyyət edirlər, həm də bir-birinə
Əmin olduğum bir həqiqət var: olmalı olduğum yerdəyəm və sevdiyim işlə məşğul oluram
Məşhur rus yazıçısı Maksim Qorki deyib ki, bədii əsərdə sözlər üçün darısqallıq, fikir üçün genişlik var. Müasir Azərbaycan ədəbiyyatında artıq tanınmaqda olan yazar Günel Məcidovanın əsərlərini oxuduqca bunu hiss edirsən. Cümlələr su kimi asanlıqla həzm olunur. Birnəfəsə 30, 40 səhifə, bəlkə də, daha çox oxuyursan. Çünki müəllifin romanlarında, povestlərində uzunçuluq yoxdur. Günel xanım, əgər belə demək mümkünsə, öz əsərləri ilə “havaya güllə atmayıb”. Əksinə, onun hər cümləsində bir məzmun var. Bunu müəllifin oxucusu kimi əminliklə deyə bilərəm. Amma təkcə mən yox, Elgüsel imzası ilə ən azı bircə dəfə qarşılaşan hər kəs müəllifin növbəti əsərlərini səbirsizliklə gözləyir.
Deməli, Günel Məcidova yaradıcılıqda təsadüfi adam deyil. Elə isə onda ədəbiyyata sevgi hardan gəlir? Bir müəllif kimi Elgüselin üslub və janr müxtəlifliyi, ideya və məzmun prioritetliyi nədən ibarətdir? Bax, bu və digər suallara cavab tapmaq üçün yazarın özü ilə söhbətləşdik:
- Bədii yaradıcılığa gəlişiniz necə olub?
- Yəqin ki, hər başlanğıcda bir sevgi fəlsəfəsi var. Məni dünyaya gətirən varlığın - anamın ən böyük tərbiyəsi mütaliə olub. Bədii ədəbiyyata sevgim nağıllardan başlayıb. Çox sevdiyim məşğuliyyətim nağılları oxumaq, ondan da maraqlı olan uşaqları ətrafıma yığıb bildiklərimi onlara danışmaq idi. O qədər nağıl danışmalı olurdum ki, hətta bəzən yenilərini özümdən uydururdum. Sonradan onları jurnallara, qəzetlərə göndərməyə başladım. Bir dəfə də şeir yazıb “Səda” qəzetinə göndərdim. O zamanlar 5-ci sinifdə oxuyurdum. Dərc olunmuşdu. Uşaqlıqda elə çox diləyim var idi ki, böyüdükcə yazıçı olmaq arzusu unuduldu. Düzü, ilk kitabımı necə oldu yazdım, hələ də bilmirəm. Əmin olduğum bir həqiqət var: olmalı olduğum yerdəyəm və sevdiyim işlə məşğul oluram. Əlbəttə, hər zaman inkişaf etmək və sabah bu gün olduğumdan daha yaxşı olmaq arzusu ilə yaşayıram.
- Təxəllüsünüz çox maraqlıdır. Niyə məhz Elgüsel?
- Bu sözün hərfi tərcüməsi “qəlbləri fəth edən” deməkdir. Əslində mənasını bilməzdən əvvəl özümə təxəllüs seçmişəm. “Elgüsel”in mənəvi dəyəri dərin və çox qiymətlidir.
- “Ölüm sənə toxunarsa...” romanını oxuduqca Mələyin timsalında yadıma Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsərindəki Bahar obrazı düşdü. Görünür, bütün dövrlərdə ədəbiyyatda belə personajlar olub. Sizcə, səbəb nədir?
- Ədəbiyyat real həyatın kitablarda əksidir. Kitablar ən mükəmməl dostdur. Danışdırmasan danışmaz, oxumasan düşüncələrinə qonaq gəlməz, illərlə oxunacaq zamanını səbrlə rəflərdə toza bürünərək gözləyər. Həyat gerçəkliklərini qələmin gücü ilə kağızlara köçürəndə unudulmaz sənət əsərləri yaranır. Baharın taleyi o qədər acı və iztirablıdır ki, onu unutmaq olmur. Nə qədər dünya var, insanlar var, Baharlar da, Mələklər də olacaq.
- Mələk müəllimənin dərsini əvəz edən yoldaşının şagirdləri döyməsi epizodu çox təsirlidir. Yəqin, həmin cümlələri sırf bədii əfəbiyyat xətrinə yazmamısınız.
- Hər şey reallığa uyğun yazılıb. Təəssüf və böyük qəlb ağrısı ilə qeyd etmək istəyirəm ki, belə müəllimlərimiz var. Uşaqların tərbiyəsində məktəb həyatının rolu böyükdür. Bir müəllim hər gün sinfə daxil olduğunda sadəcə dəqiqələrə sığan savad vermir. Eyni anda ona zillənmiş məsumgözlü, saf ürəyə sahib şəxsiyyətlərin həyatına daxil olur. Bir səhv hərəkət, mənasız söz, ədalətsiz davranış uşaqların həyatında öz izini qoyur. Kaş, müəllim olmaq şərəfinin gözəlliyini hər bir müəllim duya bilsin. Xoşbəxtliyin əlifbasının bu balaca insanları sevməkdə olduğunu anlasın...
- Bir zərif cins nümayəndəsi kimi fikirləriniz maraqlıdır, niyə cəmiyyətimizdə hələ də Mələk kimi bəd taleli qadınlar var və bu bəşəri problemi necə həll etmək lazımdır?
- Bu, həyatdır. Bəşər dünyanın köhnəliyinə əsaslanır, insanların yox. Qocaman olan insanlar yox, dünyadır. Eyni səhvlər və eyni talelər olacaq. Heç kimin təkrar yaşamaq təcrübəsi yoxdur. Nə etmək olar ki, belə talelər az olsun? İnsanları özlərini tanımağa, anlamağa, dərk etməyə alışdırmaqla. Hər kəs kim olduğunu və nə istədiyini anlasa, geri qalanı asandır. İnsan yaşadıqca öyrənir. Öyrəndikcə təcrübəsi çoxalır. Təcrübə çoxaldıqca səhvlərini doğru qərarlarla əvəz etməyə çalışır.
- Əsərin müəyyən hissəsində Mələk artıq ölümünü gözlədiyini deyir. Niyə qəhrəmanınızı bu qədər əlacsız, çarəsiz təsvir etmisiniz?
- Hər insanın həyatında əlacsız, çarəsiz olduğu anlar olur. Belə anları yaşamaq, reallıqla üzləşmək qaçılmazdır. Mələk də həyatının ən çətin günlərini yaşayır o hissədə.
- Zaur obrazı oxucuya Anarın “Təhminə və Zaur”undakı eyni adlı obrazı xatırladır. Həqiqətən, həmişə günahkar kişilər olur?
- Əlbəttə, xeyr. Bilirsinizmi, əslində cütlüklər bir cüt ayaqqabıya bənzəyirlər. Fərqli olanda həm ayağa əziyyət edirlər, həm də bir-birinə. "Təhminə və Zaur" əsərində Zaur çox bədbəxtdir. Qəlbində biri, həyatında başqası. Həyat yoldaşı da ondan az bədbəxt deyil. Kimliyindən asılı olmayaraq hər kəs sevgiyə layiqdir.
- Amma, sizin də təsvir etdiyiniz kimi, görünür, kişilər gec-tez peşman olurlar. Bunu qarşı tərəfə deməyə çəkinsələr belə, özlərinə etiraf edirlər...
- Sonrakı peşmanlıq fayda vermir. Qatil belə, öldürdüyü üçün peşman olduğunu etiraf edə bilər. Lakin aldığı can geri qayıtmır.
- Əgər irəli getmək üçün yorulmaq yox, daha çox dincəlmək lazımdırsa, yaradıcılıq sahənizdə özünüzü hələ nə qədər yormaq istəyirsiniz?
- Yazanda özümü çox xoşbəxt hiss edirəm. Son nəfəsimə kimi yazmaq istərəm. Uşaqları sevirəm. Onlar üçün çoxlu hekayələr yazmaq arzum böyükdür.
- Mələyin sonrakı taleyini necə düşünürsünüz?
- Mələyin taleyi bir yazar, qadın və insan kimi məni çox düşündürür. Lakin dediyim kimi, bu, həyatdır. Mələyin taleyini, əvvəlcə, həyat yazır və sonra mən qələmə alıram.
- Əsərin davamı olmasa, elə belə də bitsə, oxucuların reaksiyası necə olardı, sizcə?
- İkinci hissə gözlənilir. Nələr olacağını isə mən də bilmirəm.
- Daha əvvəl işıq üzü görən “Bir dünya az olar” kitabınızı da maraqla oxudum. Bəlkə, doğru yaşaya bilmədiyimizə görə dünyanı yox, özümüzü günahlandırmalıyıq?
- Hər insan özü bir dünyadır. Öz dünyasını dəyişmədikcə onu əhatə edən dünya dəyişməz.
- Səbat bəy obrazı ilə tanış olduqdan sonra hiss etdim ki, əks-cinsə qarşı tənqidi münasibətiniz var. Niyə belədir?
- Əslində Səbat çox sevdiyim obrazdır. Həyat onu elə yetişdirib. Əks cinsə qarşı tənqidi münasibətimə gəlincə, insanlığın, qəlbin, vicdanın cinsiyyəti olmur. Mənəvi zənginliyi olmayan hər kəs kasıbdır.
- Səbatın “bir qadın bir kişini özünə belə bağlaya bilməz” fikirləri ilə razısınız? Hətta ağıllı və gözəl qadın da bunu bacarmaz?
- O Səbatın fikridir. Fikrinə hörmətlə yanaşıram. Gülsu isə onu özünə bağlamağı bacarır. Əsl məhəbbət hər kəsi ram etmək qüdrətinə malikdir.
- Əsərin son cümlələrini oxuyandan sonra məşhur aforizmi xatırladım: “Sən dünya üçün sadəcə bir insan ola bilərsən, amma kimsə üçünsə bütöv bir dünyasan”. Razısınız?
- Bəli və bu da gözəldir.
- Ədəbi yaradıcılıqla bağlı gələcək planlarınız nələrdir?
- Dayanmadan, yorulmadan yazmaq.
- Nə vaxtsa üslubunuzu dəyişmək barədə düşünürsünüz?
- Bilmirəm. Hər şey ola bilər.
- Torpaqlarımız artıq azad olunur. Bəlkə bu tarixi hadisəyə bir əsər həsr edəsiniz...
- Müharibə başlamadan öncə yazırdım bu əsəri - “Düşmənlə bir yataqda”. Şuşanın azad olunmasını da öncədən yazdım. Əsər redaktordadır. İnşallah, ümid edirəm, tezliklə işıq üzü görər. “Ölüm sənə toxunarsa”-nın ikinci hissəsində də müharibə öz möhürünü vurdu. İndi növbətini yazıram. “Mən sevərəm ikimizin yerinə” adlanır. Bu əsərdə sevginin çalarlarından bəhs ediləcək və mərkəzində yüz əsgərin yüz sevgi hekayəsi dayanacaq. Yazdığım “Düymə və Sürmə” nağılında da Şuşa haqqında kiçik məlumat yer alıb.