“Anonsunu eşitmişəm, Şuşada “Vaqif poeziya günləri” ilə kifayətlənməyəcəyik”
“Avropanın bir neçə ölkəsində yaşayan ədəbiyyat və mədəniyyət adamlarını ora dəvət etməyi arzulayıram”
“Şuşanı dirçəldərək nəinki Qafqazın, həm də yaxın və orta Asiyanın ən gözəl mədəniyyət mərkəzinə çevirəcəyik”
“Bütün dünyanın gözü Şuşada olacaq. Amma bizim gözümüz də həmişə Şuşanın üzərindədir”
Prezident İlham Əliyev yanvarın 6-da Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edərkən bir sıra mühum məqamlara toxunub. Onlardan biri də Şuşada keçirilən “Vaqif poeziya günləri”nin yenidən bərpa edilməsidir. Ölkə başçısı çıxışı zamanı deyib ki, “Vaqif poeziya günləri” Şuşada ənənəvi olaraq keçirilirdi:
“Yadımdadır, mən də atamla birlikdə Vaqif poeziya günlərində olmuşam.Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır. Nə qədər vəhşilik ola bilər? Nə qədər qəddarlıq ola bilər? Özü də Azərbaycan xalqı axı, sizə nə edib? Sizə çörək verib”.
Cənab prezidentin sözlərindən anlaşılır ki, Şuşa yalnız görünüşcə deyil, həm də mənən əvvəlki vəziyyətinə qayıdacaq. Şəhərin həsrət qaldığı ədəbi məclislər, musiqili tədbirlər ruhuna məlhəm olacaq. Axı Şuşanın həm də ruhu yaralıdır, zədəlidir. Qazağın köksündən çıxıb, Qarabağda tarixə yazılan şair Molla Pənah Vaqifin də ruhu eyni ilə Şuşa tək incik idi. İllərdir adı Şuşada çəkilmir, şərəfinə şeirlər səslənmirdi. Vaqif bizdən, biz Vaqifdən nigaran 28 il ötdü. İndi isə qayıdırıq, ismini Şuşanın dağlarından hayqırmağa, gəlirik, şair.
“Sherg.az”la həmsöhbət olan “Ulduz” jurnalının baş redaktoru, Qulu Ağsəs Şuşanın qəlbimizin, mədəniyyətimizin paytaxtı olduğunu söyləyib:
“Şuşa həmişə mədəni mərkəz idi. O həm də Qafqazın konservatoriyası, Milanı olub. XIX əsrdə Çar Rusiyası Tbilisidə teatr yaradıb, mədəniyyət tədbirləri keçirirdi. O zaman Şuşa öz himayədarlarının gücü ilə xalq teatrını qurub, tamaşalarını səhnələşdirirdi.Yəni təkbaşına inkişaf edirdi. Bir ifadə var: Dağda bitən çiçək. Şuşa da dağda bitən çiçək kimi ona ən az diqqət ayrılan vaxtlarda belə özünü yarada bildi. Sovet dönəmində Şuşaya diqqət artmağa başladı. Bu qayğının bir nümunəsi “Vaqif poeziya günləri”dir. Heydər Əliyevin həmin ədəbi məclislərdə iştirakı isə tarixi hadisədir. O zaman çəkilən fotolar işğal günlərində də yaddaşımızı silkələyirdi. Qarlı havada Heydər Əliyev və ədəbiyyatın komissarları yan-yana durub. Nadir şəkillərdən biridir, orda Ümummilli Lider özünəməxsus vüqarla dayanıb. Bu Heydər Əliyevin həm Vaqifə, həm ədəbiyyata, həm də Şuşaya olan ehtiramını göstərirdi. Biz Şuşanı noyabrın 8-də, 28 il 6 ay sonra azad etdik. Şükürlər olsun ki, acı işğal müddəti 29 ilə çatmadı. Məhz mayın 8-i 1992-ci ildə Ermənistan Şuşamızı işğal etmişdi. Səkkiz noyabr 2020-ci ildə isə Azərbaycanın qalib ordusu İlham Əliyevin rəhbərliyi ilə onu azadlığına qovuşdurdu. Ona görə Şuşada 28 ildir keçirə bilmədiyimiz tədbirlərin hər birini bərpa etməliyik. Əvvəlkindən qat-qat çox məclislər qurmalıyıq ki, Şuşa inciməsin. Ordakı mədəni boşluğu doldurmalıyıq”.
Q.Ağsəs onu da əlavə edib ki, ölkə başçısının Şuşanı mədəniyyətimizin paytaxtı adlandırması əlamətdar hadisədir:
“İnanıram ki, YUNESKO kimi təşkilatlar, sənət sevər xalqlar tezliklə yollarını Şuşadan salacaqlar. Təkcə “Vaqif poeziya günləri” kifayətlənməyəcəyik. Artıq anonsunu eşitmişəm. Maestro, dirijor, xalq artisti Yalçın Adıgözəlovla danışanda dedi ki, istəyirəm orda “Koroğlu” Uvertürasını səsləndirim. Mənim də öz planlarım var. Məsələn dostlarım olan, Avropanın bir neçə ölkəsində yaşayan ədəbiyyat və mədəniyyət adamlarını Şuşaya dəvət etməyi arzulayıram. Həmin tədbirlərdə iştirak edək. Onlar Şuşanı görsünlər. Şuşanı görüb, sevməmək olmaz. Həm də bu gözəl şəhəri tərifləmək lazımdır. Şuşanı gör, ondan sonra tərif özü gələcək.
Dövlət başçısı tərəfindən “Mədəniyyət paytaxtı” adının verilməsi də Şuşanın ayrıcalığını göstərir. Prezident İlham Əliyevin Şuşaya olan rəğbətini büruzə verir. Bir də Ali Baş Komandan digər rayonların, şəhərlərin azad olunma xəbərini efirdə yaxud da Tviterdən açıqladı. Lakin Şuşanı ən yaxınını, ən doğmasını həbsdən xilas etmiş insan kimi Şəhidlər xiyabanında xalqa duyurdu. Yadınızdadırsa, o, Şuşaya sən deyə müraciət etdi. Hər kəsi, həmçinin məni də bu məqam duyğulandırdı. Ölkə başçısı bildirdi: “Əziz Şuşa, sən azadsan”. Prezident Şuşanı bir insanı səsləyirmiş kimi çağırdı: “Sən bizimsən, biz səni yenidən dirçəldəcəyik”.
Cənab İlham Əliyev indiyənə qədər verdiyi sözlərin hamısına əməl edib. İnanıram ki, “Vaqif poeziya günləri” qısa müddət üçün nəzərdə tutulan işlərdən biridir. Ümumiyyətlə Şuşanı, Qarabağı Azərbaycan xalqı və dövləti elə abadlaşdıracaq ki, dünyanın gözü orda olacaq. Bu işləri görməyə haqqımız çatır. Biz şəhidlərimizin ruhuna, qazilərimizin tökülən qanına, əsgərlərimizin şücaətinə hörmət kimi Qarabağı dirçəldəcəyik.
Çünki torpaqlarımızı onların sayəsində azad etdik. 44 gün ərzində göstərdik ki, Azərbaycan xalqı qandan, müharibədən qorxan deyil. Böyük bir millətdir, Türk xalqıdır. Həm siyasətdə, həm də savaşda deməyə sözümüz var. Siyasətdə sözümüz keçmirsə, düşmən dediyimizi anlamırsa, onu döyüş meydanında başa salmağa qadirik.
Xülasə, Şuşanı dirçəldərək nəinki Qafqazın, həm də yaxın və orta Asiyanın ən gözəl mədəniyyət mərkəzinə çevirəcəyik. Üzümüzə gələn on ildə bütün dünyanın gözü Şuşada olacaq. Amma bizim gözümüz də həmişə Şuşanın üzərindədir. Gözümüzü Şuşadan ayırmayaq”.