“Bir durna təkləndi, bir şam qaraldı,
Bir dalğa qıy çəkib itdi dənizdə...
Şeir rübabından bir tel qırıldı,
Bir səs çatışmayır xoş nəğməmizdə...”
Bu şeiri Xalq şairi Fikrət Qoca 1956-cı ildə görkəmli şairimiz Səməd Vurğunun vəfatı münasibəti ilə qələmə almışdı. Dünən bu şeir Fikrət Qocanın son məkanında şairin özü üçün səsləndirildi...
Fikrət Qoca mayın 5-də, mübarək Ramazan ayının səhərində həyata gözlərini yumdu, əbədiyyətə qovuşdu. 85 yaşında dünyasını dəyişən şair Birinci Fəxri Xiyabanda dəfn olundu. Mərhumun dəfn mərasimində tanınmış ictimaiyyət və mədəniyyət nümayəndələri, qələm dostları, media nümayəndələri və ailə üzvləri iştirak etdilər. Amma pandemiya şəraiti nəzərə alınaraq, şairlə vida mərasimi keçirilmədi. Bu da şair qismətiymiş... Fikrət Qoca həyatını necə ağayana, sakit, səssiz-küysüz, göstərişdən uzaq, sadə və səmimi yaşadısa, dünyadan gedişi də o cür oldu...
Xalq şairi 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərib. Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru idi. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi kimi çalışırdı. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. “Ölüm ayrılıq deyil”, “Hələlik, - qiyamətədək” povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb. Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə mükafatlara layiq görülüb. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. Bir çox şeirlərinə dillər əzbəri olmuş mahnılar bəstələnib.
Bu gün də minlərlə oxucu Fikrət Qocanı böyük istedad sahibi, gözəl şair kimi sevir, şeirlərini oxuyur. Çünki Fikrət Qocanın yaradıcılığı heç vaxt köhnəlməyib, hər dövr üçün aktual olub. Onu yaxından tanıyanlar yalnız bənzərsiz qələm sahibi, qəlbə toxunan intellektual şeirlər müəllifi deyil, həm də özü-sözü bütöv, alicənab və gözü tox şəxsiyyət, etibarlı dost olduğunu yaxşı bilirdilər. Sənət aləmində özünə-sözünə sadiq qalmaq əsas şərtlərdən biri sayılır. Fikrət Qoca bu gerçəkliyi ilk addımlarından çox gözəl başa düşmüşdü...
Şairin dəfn mərasimində çıxış edənlər də Fikrət Qoca ucalığından, saflığından ağız dolusu danışdılar. El ağsaqqalının, həqiqi ziyalının ölümündən kədərləndiklərini bəyan etdilər. “Dünyada insan ömründən şirin heç nə kəşf edilməyib” deyən şairi son mənzilə yola saldılar.
AYB-nin katibi, yazıçı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid məzar başında bildirdi ki, Fikrət Qocanın ölümü Azərbaycan ədəbiyyatına, poeziyasına və mədəniyyətinə ağır itkidir: “Fikrət Qoca 60-cı illərin poeziyasına çox yeniliklər gətirdi. Tərcümə olunmuş şeirlərinə dünya oxucularının da marağı böyük idi. Azərbaycan ədəbiyyatını layiqincə təmsil edən böyük qələm sahibi, gözəl insan, etibarlı dost idi. Allah rəhmət etsin, ruhu şad olsun”.
Daha sonra AYB sədri, Xalq yazıçısı Anar Rzayev göz yaşları içində “ən yaxın dostum, sirdaşım” dediyi Fikrət Qoca ilə bağlı duyğularını paylaşdı: “Mənim üçün danışmaq çox ağırdır. Fikrət 60 ildən artıq mənim etibarlı dostum, qardaşım idi. Bütün sınaqlardan birlikdə çıxmışdıq. Heç vaxt dostluğunu, sədaqətliliyini itirmədi. Əsl ziyalı kimi insanlara ancaq yardım etmək haqqında düşünürdü. Allah rəhmət eləsin”.
Əməkdar artist Ağalar Bayramov Fikrət Qocanı itirməyin onun üçün çox ağır olduğunu söylədi və şairin şeirlərindən birini səsləndirdi: “O, daim yaşayacaq, çünki yazıb-yaradıb. Alman fəlsəfəsinin banisi Kant deyirdi ki, “musiqi insana zövq versə də, əslində heç nə vermir. Poeziya isə həm ruhun qidasıdır, həm də tərbiyə məktəbidir”. Mən bu acı xəbəri eşidəndə çox sarsıldım. Fikrət Qocanın çox şeirləri mənim repertuarımda özünə məkan tapıb”.
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı da mərhum şair haqqında düşüncələrini bölüşdü: “Şeirimizin ağsaqqalını, müasir ədəbiyyatımızın görkəmli nümayəndəsini, 85 illik şərəfli ömür yaşamış dostumuzu, qardaşımızı itirdik. Fikrət 60-ci illərdə ədəbiyyata gələndə elə qoca idi. Amma 85 yaşında dünyasını dəyişəndə cavan idi. Bütün ömrü boyu gənclik eşqi ilə yazıb-yaratdı. Şeirləri dillər əzbəri olmaq bir yana, həm də yüzlərlə mahnıya çevrildi. Mərhum şair Azərbaycan xalqının mənəvi dünyasını mahnıya çevrilmiş sözləri ilə bəzədi. Fikrət Qoca həm də gözəl nasir idi. Deyirdi ki, “birinin əli qabar olur, digərinin beyni”. O, beyni qabar olanlardan idi. Biz azadlıq şüarı il meydana çıxanda, şair mübarizəni şeirləri ilə aparırdı. 44 günlük müharibədə elə bir gün olmadı ki, Fikrət Qocanın bir şeirini görməyim. O, 85 yaşına rəğmən “cəbhədəydi”. Xeyirxah adam idi, hamının yaxşılığını istəyirdi. Fikrət bizim üçün ölməzdi. Məkanı cənnət olsun”.
Əlbəttə, ölüm haqdır. Bir gün gələn, bir gün mütləq gedər. Amma o da həqiqətdir ki, xalqını, Vətənini sevən şairlər, söz sənətkarları heç zaman ölmür, unudulmur. Daim yaddaşlarda, xatirələrdə diri və canlı qalırlar. Elə Fikrət Qocanın özü də belə düşünürdü:
“Ölüm də, olum da, bunlar bir yana,
Bu adi qanunu mən də danmıram.
Şair nəğmə kimi gəlir cahana,
Nəğmə ölümünə mən inanmıram”.
P.S. “Şərq” qəzeti olaraq biz də Xalq şairi Fikrət Qocanın vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə, yaxınlarına, qələm əhlinə və bütün Azərbaycan xalqına baş sağlığı veririk. Nur içində yatsın.