Türkan Turan: "Yazmağa başladığım ilk gündən hiss etdiyim həyəcan bir an olsun dinmir. Elə lazım olan da budur; tükənməyən həyəcan!"
Jurnalist, yaçısı Türkan Turanın bir müddət əvvəl çapdan çıxan “Saranın gözləri” romanı ölkə daxilində və qardaş Türkiyədə ciddi maraq doğurmuşdu. Oxucular müəllifin ilk romanını həvəslə mütaliə etmişdilər. Yazar artıq ikinci əsəri üzərində işləməyə başlayıb. “Saranın gözləri” kimi “Filosofun sevgilisi” də türk dilində nəşr olunacaq.
“Şərq” olaraq müəlliflə üzərində işlədiyi yeni kitab barədə söhbətləşdik. - Əsərin cəzbedici adı var. Deyəsən, oxucuları maraqlı sevgi hekayəsi gözləyir...
- Ad yanıltmasın, qəhrəmanları yaşlı filosof və gənc qadın olan bu əsər içərisində sevginin də olduğu çalxantılı, qanlı, həyəcanlı cinayət romanıdır. Siyasi, psixoloji çalarlar da öz yerində...
- Necə oldu ki, belə bir əsər yazmağa qərara aldınız?
- Diqqətimi çəkən və şahid olduğum hadisələr bu əsəri yazmağa sövq etdi. Xeyli vaxt beynimdə götür-qoy edirdim. Əslində bu kitabı bir neçə il əvvəl, hətta “Saranın gözləri” romanımdan öncə yazmaq istəyirdim. Amma risk edə bilmirdim. Daha doğrusu, cəsarətim çatmırdı. Çünki yaradacağı səs-küyə hazır deyildim. Bir müddət əvvəl kompüterin arxasına keçdim, ilk cümləni yazan kimi romanın adı beynimdə siren səsi kimi yanıb-sönməyə başladı və həyəcanım birəbeş artdı. Hətta tez-tez qulağımın eşidəcəyi tərzdə təkrarlayıram, “Filosofun sevgilisi”, “Filosofun sevgilisi”... Bu məni inanılmaz dərəcədə xoşbəxt edir. Düşünürəm ki, bu an məni heç nə belə çox həyəcanlandıra bilməz.
- Yaradacağı sensasiyaya hazırsınız?
- Yəqin ki, hazır olmasam başlamazdım.
- “Filosofun sevgilisi”ni dünya ədəbiyyatındakı hansı əsərlə müqayisə etmək olar?
- Heç bir əsərlə müqayisə etmək istəmirəm. Çünki yazdığım gerçək hadisələr əsasında qələmə alınan qurğu romandır. Ona görə də, düşünürəm ki, bu əsər bir başqasının nə bənzəri olacaq, nə də təkrarı.-
- Dediniz ki, əsərinizdə həm sevgi, həm də siyasət var. Bu iki məfhumu eyni yerdə necə təsəvvür etmək olar?
- İkisi də saf niyyətlə, böyük gözləntilərlə başlanan, oyun və hiylə ilə bitən bir proses olduğu üçün ikisini rahatlıqla yan-yana gətirmək olar. Məsələn, siyasətdə olduğu kimi sevgidə də riyakarlıq var. Xəyanət ikisinə də məxsusdur. İkisinin də meydanına təmiz girə bilərsən, amma o meydandan heç vaxt girdiyin kimi çıxmırsan. Ya çox kirlənirsən, ya daha çox kirlənirsən. İkisində də məğlub olursan: ya qarşındakına, ya hisslərinə, ya da zamana...
- Hər ikisi də oyundursa, siyasətlə sevginin fərqi nədir?
- Belə deyim, siyasət oyundur, sevgi isə həm oyun, həm də dəlilikdir. Siyasət mənəm-mənəmlikdir, tamahkarlıqdır, ancaq özünü, öz mənfəətini, çıxarlarını düşünürsən. Sevgidə isə kimliyini unudursan. Öncəliyin qarşıdakı olur. Onur, qürur arxa plana keçir. Məntiq yox olur, səni hisslər, duyğular idarə edir. Romanda bunlar səhifələrdə ilmə-ilmə toxunur.
- Maraqlıdır, gənc qızı özündən dəfələrlə böyük filosofa çəkən nədir?
- Çox şey. Ən əsası dərin ağıl, iti zəka... Bir də günəş kimi parıldayan təbəssüm. Təbii ki, bunun psixoloji və duyğusal tərəfləri də var.
- Bilirik ki, filosoflar adətən tərki-dünya olurlar. Bəs qız belə bir adamı öz dünyasından necə çıxarır?
- Tərki-dünya olurlar deməzdim. Dərin düşüncədən ibarət olurlar. Məsələn, Nitsşe, Şopenhauer, Aristotel, Kant, Sokrat, Dekart oxuyub yazdıqları düşüncələrin içərisində özümüzü itirdiyimiz filosoflardır... Amma həyatlarını araşdırdıqca baxırsan ki, hər birinin içərisinə işıq sızan bir çatlaqları var. Nə qədər filosof deyib heyranlıq duysaq da, nəticə də onlar da intihar edə biləcək qədər insandırlar. Bizim qız da filosofun qapalı dünyasına iynə ucu boyda tapdığı bir dəlikdən daxil olur. Həmin dünyanın daha əvvəl görmədiyi, bilmədiyi, təsəvvürünə belə gətirmədiyi aydınlıq və qaranlıqlarla dolu bir yer olduğuna şahid olur. Qızı o dünyaya dartıb salan isə dəli cəsarəti və hər şeyə duyduğu maraq olur. Özünü kişinin həyatının ortasına bomba kimi atır və filosofun qəlbini zəbt edir. Amma sonra baş verənlər Şopenhauerə dua oxudacaq cinsdən olur (gülür).
- Bəs bu qədər cəsarətli və radikal addımların filosof üçün əks-effekt verəcəyini düşünmür?
- Xaos başlayanda insan əvvəlcə çaş-baş qalır, şoka düşür, daha sonra dərindən nəfəs alaraq nə baş verdiyini anlamağa çalışır. Filosof bunu anlayana qədər qız onun həyatının yuxarı başına çoxdan keçmiş olur. Eşqin bir dönəmi var ki, qarşıdakı filosof deyil, Tanrı belə olsa bu duyğu ona məntiqini sıfırladır. İradə eşqin əlinə keçir və insana ağlagəlməz hərəkətlər etdirməyə başlayır. Hətta bəzən baxırsan ki, əlindən tutub səni ölümün həndəvərində dolaşdırır.
- Romanınızın taleyi barədə nə düşünürsünüz?
- Düşüncələrim parlaq, işıqlıdır. Yazacaq hekayəm, mövcud obrazlarım var. Yəni bir roman üçün lazım olan hər şey varsa, artıq roman özü öz taleyini həll etmiş sayılır. “Saranın gözləri”ndə olduğu kimi “Filosofun sevgilisi” də özünü rahatlıqla yazdırır. Hadisələr barmaq uclarımdan axaraq tökülür kompüterin yaddaşına. Bu, bir yazıçı olaraq mənim üçün sevindirici haldır. Ən əsası yazmağa başladığım ilk gündən hiss etdiyim həyəcan bir an olsun dinmir. Elə lazım olan da budur; tükənməyən həyəcan!