Yazıçı Seymur Baycan AYB-katibi Rəşad Məcidin "Qələmsiz yazılanlar" kitabının rus dilinə tərcümə olunmasını kəskin tənqid edib.
Yazar bu barədə azlogos.eu-a yazdığı tənqidi yazıda qeyd edib ki, kitabın yazılma zərurəti kəmiyyət xatirinədir. Lakin bu kitabın tərcümə edilməsi başadüşülən deyil:
"Yazar Yazıçılar Birliyindəki vəzifəsi Rəşad müəllimi kitab müəllifi olmağa vadar edir. Rəşad müəllim cəmiyyətə göstərməlidir ki, Yazıçılar Birliyində elə-belə, havayı yerə oturmayıb, nəsə yazır, nələrsə qaralayır, o da yaradıcılıqla məşğuldur, onun da kitabı nəşr olunur, onun da kitabı var. Bunu başa düşürük. İnsanıq, bir-birimizi bu fani dünyada birtəhər yola verməyi bacarmalıyıq. Amma ta durub “Qələmsiz yazılanlar” adlı mənasız, səviyyəsiz bir kitabı rus dilinə çevirtdirmək və nəşr etdirmək… Bax bunu başa düşmək, buna dözüm nümayiş etdirmək bir qədər çətindir.
Seymur Baycan onu da qeyd edib ki, bu qərar Rəşəd Məcidə təkcə ədəbiyyat adamı kimi yox, həm də fərd kimi, bir baba kimi yaraşmır:
“Qələmsiz yazılanlar” adlı mənasız, səviyyəsiz bir kitabı rus dilinə çevirtdirmək və nəşr etdirmək Rəşad müəllimin çəkisinə, yaşına, ağarmış saçlarına, baba statusuna qətiyyən yaraşmır. İnsan yaşlandıqca özünü ağır aparmalıdır. Danışığına, hərəkətlərinə, oturuşuna-duruşuna nəzarət etməlidir. İndi ortaya bir neçə maraqlı sual çıxır. Bu mənasız kitab rus dilində kimə lazımdır? Rəşad müəllim bu mənasız kitabı kimin üçün tərcümə və nəşr etdirib? Bu kitabı rus dilində kimlər oxuyacaq?"
Rəşad Məcid ünvanına səslənən tənqidlər barədə “Sherg.az”a münasibət bildirdi:
“Düzü, təbəssümlə qarşıladım. Seymurun son vaxtlar dərc olunan kitablara üzdən də olsa münasibət bildirməsini təqdir edirəm. Mənim haqda yazdıqlarına və “ müdrik” məsləhətlərinə görə sağ olsun. Amma mənə “qoca” deməkdə tələsib. Tiflisdə, ya Bakıda rastlaşsaq kofe içə-içə özünə deyərəm fikirlərimi”.
Kənan Novruzov