Şahbaz Xuduoğlu: "Ən kiçik nəşriyyat belə gün ərzində 100-200 manatlıq kitab satırdı, böyük nəşriyyatlarsa 1500-2000 manat civarında"
İlk Milli Kitab Satış-Sərgisi başa çatdı. Oktryabrın 1-dən 10-dək davam edən satış-sərgi ilə bağlı təəssüratlar, həm də xoş təəssüratlar bu günlər ərzində göydə uçuşdu. Sosial şəbəkələr kitabsevərlərin paylaşımları ilə dolub-daşdı. Hamı bu fikirdəydi ki, paytaxtda bayram yaşanır. Kitab bayramı - mədəniyyət, ziya, işıq, zəriflik bayramı. Satış-sərginin təşkilatçısı, “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu sərginin proqramını küçəbəküçə dolaşaraq şəxsən özü paylayırdı. Yoruldumu? Şahbaz Xuduoğlu suala cavabında “qətiyyən”, dedi. “Şərq”ə danışan Ş.Xuduoğlu kitab sərgisinin yekunlarını qısaca anlatdı:
- Əvvəla, onu deməliyəm ki, ötən 10 gün müddətində əhvalımız çox yüksək idi. İnsanların kitaba sevgisi bizə motivasiya verirdi. Satış-sərgidə təqribən 50-yə yaxın təşkilat və şəxslər, yəni fiziki və hüquqi şəxs kimi nəşriyyatlar və kitabçılar iştirak etdi. Bundan başqa əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə məşğul olan bir assosiasiya da iştirak edirdi. Fiziki qüsuru olan şəxslər də sərgidə əl işlərini nümayiş etdirirdilər və satışı həyata keçirirdilər. Ş.Xuduoğlu qeyd etdi ki, xüsusən şənbə-bazar günləri ziyarətçilərin sayı həddindən artıq çox olub. Əməlli-başlı anşlaq. Adam əlindən təprənmək mümkün olmayıb:
- Müxtəlif panellər təşkil olunurdu, yazıçılarla, şairlərlə görüş, diskussiyalar, musiqi saatı, qəhvə içilməsi üçün xüsusi məkanlar vardı. Satış-sərgi çox yüksək səviyyədə keçdi, heç gözləmədiyimiz halda. Bakı sakinləri üçün bu, mədəni bir tədbir idi. Uzun müddətdir ki, bu səpkili tədbirlər keçirilmirdi. Necə deyim? Nağıl kimi günlər idi!..
10 gün ərzində nə qədər kitab satılıb? Ş.Xuduoğlu bildirdi ki, ən kiçik nəşriyyat belə gün ərzində 100-200 manatlıq kitab satırdı, böyük nəşriyyatlarsa 1500-2000 manat civarında:
- Bu, hər bir nəşriyyata maliyyə dəstəyidir. Kiçik bir nəşriyyatın günə 100-200 manat qazanc əldə etməsi, o nəşriyyatın hansısa maliyyə problemini həll etməsi deməkdir.
Ş.Xuduoğlu Milli Kitab satış-sərgilərinin bölgələrdə də keçiriləcəyini bildirdi:
- Hələlik ən yaxın ünvan Sumqayıtdır. Yəqin ordan başlayacağıq. Amma mən çox istəyirəm ki, Naxçıvanda, Gəncədə bu sərgini keçirək. Naxçıvana kitabların, vəsaitlərin daşınması çətin olacaq. Kimsə bu işi öhdəsinə götürsə, böyük məmnuniyyətlə biz də işə başlayarıq.
Bizim niyyətimiz kitab üçün azad bazar yaratmaqdır. Fikrimcə, bu işi Mədəniyyət Nazirliyi bacarmaz. Nazirlik mənim kimi poliqrafçıya gəlib nəşriyyat işini öyrədə bilməz. Bir də ki, “Mədəniyyət Nazirliyi” ifadəsinin özü absurddur. Mədəniyyətin nazirliyi olmaz ki! Mədəniyyəti xalq, insanlar, sənətkarlar yaradır. Mədəniyyət sahəsinin problemləri ilə maraqlanacaq bir komitə ola bilər. Menecerlik edər, vəssalam. Sənətkarlar bir araya gəlib öz təşkilatlarını formalaşdırırlar. Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı... Yazıçılar Birliyi. Mədəniyyət Nazirliyinə daha nə ehtiyac var?