Rəhilə Gülgünün “Portret” kitabı barədə düşüncələrim...

Hər dəfə hər hansı mövzuda yazmaq mümkün olmur. O zaman müvəffəq ola bilərsən ki, yazdığın mövzu sənin ruhuna, təbiətinə, könül dünyana uyğun gəlsin.Hər halda mən belə düşünürəm. İnsanın içində elə bir mərhəmət, şəfqət duyğusu, rəhmdillik olmalıdır ki, atılmış, tərk edilmiş kimsəsiz uşaqlarla bağlı qəlb titrədən, əl tutmağa, xeyirxahlığa səsləyən yazılar ərsəyə gətirsin.Biganəliyin qurbanına çevrilmış cocuqların halına yansın, onların çətinə düşmüş həyatını izləyib, müşkülünü asan etməyə, hüzur dolu günlərə qovuşmasına yardımçı olsun. Ürəyinin odu, hərarəti, qələminin gücü, təpəriylə.

Tanınmış yazıçı-jurnalist,uzun illik yaradıcılığı dövründə çoxsaylı ədəbi  yazıları, sənədli-publisistik əsərləri ilə oxucularını sevindirən Rəhilə Gülgünün qarşımdakı ”Portret”(Bakı,”Zərdabi Nəşr”, 2021) adlı yeni kitabının ilk səhifələrini oxuduqca bu fikirlərə köklənirdim.

Düşünürəm ki, taleyin ümidinə buraxılmış, ata-ana qayğısına möhtac azyaşlı uşaqların acı həyat hekayəsini bunca təbii, real boyalarla,ürək yanğısıyla nəql etmək məhz qələm adamının istedadı, yazıçı məharəti ilə mümkündür. Rəhilə Gülgün belə istedad sahiblərindəndir.

Kitabdakı ilk yazının−“Ağ cığırın sonundaki işiq” hekayəsinin müəllifi uğursuz bir ailəyə məxsus üç uşağın−Günəş, Əhməd və Mətinin acınacaqlı həyatının ürək dağlayan faciəsindən bəhs edir. Çoxdan ayrılmış, ayrı-ayrı yolun yolçusu olan ata-ananın arxa çevirdiyi, babası qoca Mərdan kişinin, beli vaxtsız bükülən nənəsinin üstünə atıb getdiyi zavallı uşaqları hansı bəxt-tale gözləyirdi.Ahıl yaşında çətin sinaga çəkilən Mərdan kişi əl ağacına söykənib demisini sümürür, torpaq döşəmədə bir-birinə qısılan analı-atalı yetimlərin qarnını doydurmaq, onlara üst-baş almaq üçün dağı arana, aranı dağa aparırdı. Balalarından üz döndərən qızını lənətləyir,”naxələf övladın üzü qaradan da qara olsun” deyirdi.Günəş və qardaşları hansısa”xeyirxah” adamların himayəsinə verilir, düşdükləri özgə qapılarında hər cür təhqir,söyüş və hədyanlara məruz qalır, bu məsum balaların heysiyyəti tapdalanırdı. Ata-anasının nə vaxt peşman olub  onların yanına qayıdacağı ilə bağlı inam tamamilə yoxa çıxanda bir ümid işartısı közərir. Axı,”ən sonda ölən ümiddir” deyiblər.

Kimsəsiz balaların uşaq evinə−“Ümid yeri” sığınacağına gəlişi, necə deyərlər, onların qanının arasına girir. Ağır günlərin əzablarını unutdurmaq üçün  pənah gətirdikləri bu evdə onlara ana qayğısı göstərəcəklər. Müəllif bu acı hekayəti nikbin sonluqla bitirir:”Günəş var gücüylə ağ cığırın  sonundakı işığa doğru qaçır. O, həmin qadındır, babasının dediyi üzü nurlu, mərhəmətli qadın...Günəş, orda sənin kimi uşaqlar var, onlar  sizi gözləyir.Ağ cığırın sonundakı işıq yaxınlaşır. Günəş əlini o işığa sarı uzadır...”

Türk poeziyasının ünlü isimlərindən olan Nazim Hikmət deyirdi ki,”dünyanı uşaqlara verək!” Haqqında söz açdığım yazının qəhrəmanı olan nur çöhrəlı, kimsəsizlərin pasibanı, şəfqətli ana isə deyir ki, uşaqlara dünyanı verməyə gücümüz yetmirsə, onda ürəyimizin hərarətini bəxş edək”.

Rəhilə Gülgünün yeni publisistik  kitabının qəhrəmanları Vətənini, millətini, gələcəyimiz olan uşaqları sevən  nəcib, xeyirxah, müdrik insanlardır. Kitabın dörd bölümündə toplanmış yazılarda bu qəbildən olan soydaşlarımızın portret cizgiləri ilə qarşılaşır, müəllifin seçimini təqdir edirik.

”Dağlar sənə bir şans versə...” adlı yazının qəhrəmanı Pirverdi müəllim Vətən,yurd sevdalısıdır, xalqının, millətinin xoş gününə sevinən, dar günündən əndişələnən, elin harayına qalxan yurd aydınıdır. Vaxtilə Qərbi Azərbaycandan didərgin salınanda ailələri Gədəbəyin zirvəsi qarlı dağ kəndinə sığınmışdı. Gəncədə Kənd Təsərrüfatı Akademiyasını bitirən, bilgilərini bölgənin inkişafına yönəldən soydaşımız didərginlik, qaçqınlıq dərdini yaşadığından azğın ermənilərin növbəti torpaq iddialarına dözə bilmir,”xalqımızın ahı yerdə qalmaz”,−söyləyirdi. Gədəbəyin sərhəd kəndlərində təhlükəli vəziyyət yarananda külfətini Bakiya yollamış, özü isəyurdu yağıdan  qoruyanların cərgəsinə qoşulmuşdu.

Müəllif bu yazıda həm də reallıqları,  xalqımızın başına gələn müsibətləri  əks etdirərək, mübaliğəsiz-filansız,  Azərbaycan həqiqətlərindən söz açıb. Pirverdi müəllimin timsalında qəlbi parçalanmış, yurd-yuvasını itirmiş, dərd köynəyi geymiş soydaşlarımızla göz-gözə durmağa, qələm nümunələri ilə onların qəlb yaralarına məlhəm qoymağa özündə güc, təpər tapıb.Qəhrəmanının diliylə söylədiyi”oyan, gözünü dünyaya geniş aç, adəm övladı, bu münbit torpaqların qədrini bil, ək, biç, qur, yarat...Əl-ələ qovuşsun, ürək ürəyə təpər, kürək kürəyə söykək olsun,yaşa,yaşat cahanı!” Müəllifin yaradıcılıq qayəsi bu sətirlərdə necə aydın görünür.

Deyirlər, müharibə siyasətin zor gücü ilə davamıdır. Ermənistanın 30 il öncə başladığı təcavüzkar siyasət, işğalçı müharibə xalqımızı bir daha imtahana çəkmişdi. Möhtəşəm Zəfərlə bitən 44 günlük  Vətən müharibəmiz isə iradəmizi, nəyə qadir olduğumuzu bütün dünyaya nümayiş etdirdi. Qan-qada, ölüm-itim olan, insanlara iztirab, kədər, göz yaşları gətirən müharibə dəhşətləri uzun illər boyunca xalqımızın taleyinə yazılsa da, əslində biz alovlanan bu hərb qovğasına sevinirdik. Ürəyimizi həyəcan qarışıq coşğu, sevinc hissi bürümüşdü. Ən başlıcası isə illər boyu daşa dəyib çiliklənən ümidlərimiz yenidən cücərib bizə bu dəfə “qələbə mütləq bizim olacaq” inamını aşılayırdı. 

Ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ümidlərimizə nur çiləmiş, əzəli-əbədi Qarabağımızın və erməni vandalların işğal etdiyi digər yurd yerlərimizin azad ediləcəyinə inamımızı artırmışdı. 

İkinci Qarabağ müharibəsinin amacı bütün dünyanın Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığı Qarabağın düşmən tapdağından təmizlənməsi, yurd yerlərimizin azad edilməsi idi. Biz  ədalətə söykənib öz torpaqlarımızda düşmənə sarsıdıcı zərbələr endirir, erməni işğalına son qoymaq üçün ölkəmizin ərazi bütövlüyünü qoruyur, müdafiə edirdik. Bilirdik ki, haqq yolundayıq, bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq! Rəhilə Gülgünün kitabında bu fikirlərin öz əksini tapdığı, düşmənlə nər kimi döyüşən oğullarımıza ana sevgisi ilə dolu “Əsgərə məktub”unu da həyəcansız  oxumaq olmur.

Sənədli faktların  gücünə əsaslanan publisistika oxucunun diqqətini dərhal özünə cəlb edir, onu müəllifin mövqeyində durmağa, qələm sahibi ilə həmfikir olmağa səsləyir.  
 
  Təbii ki, əhəmiyyətli mövzuların işıqlandırılmasında publisistika çox vaxt bədii yaradıcılığı qabaqlayır. Bunun səbəbi təkcə publisistikanın zamanın salnaməsini yazmaq missiyasında deyil, həm də dövrün çağırışlarına daha tez cavab verə bilməsindədir. Çağırışlara cavab isə o vaxt təsirli olur ki, yazıçının əli zamanın nəbzində olsun, onun yazıları real həyatla,   dövrün  ab-havası ilə qidalansın. Rəhilə xanımın publisistik yazılar toplusunu oxuyub bitirdikdən sonra bu fikirlərin həqiqiliyinə bir daha əmin oldum.  Yaradıcı adamın kimliyi, həyata, insanlara münasibəti, amal və mövqeyi onun yazdıqlarından, toxunduğu mövzulardan bəllidir. Elin-obanın dərdi ilə ərsəyə gələn əsərlər müəllifinin, ilk öncə, yurdsevərinsan olmasının göstəricisidir. Belə bir ömür  yaşamaq üçünsə R.Gülgün kimi, Vətənə vurğun ürək, həssas, duyğulu qələm sahibi olmaq yetərlidir.
“Portret” kitabı R.Gülgünün publisistik yaradıcılığının yeni, gözəl nümunəsi kimi diqqəti çəkir və  qeyd edim ki,  burada müəllifin gerçək dünyamızın əzəli-əbədi dəyərlərinə, ana dilimizə, söz-sənət sərraflarına, elm, ədəbiyyat və incəsənət xadimlərinə, sağlamlığımızın keşiyində duran həkimlərə, psixoloqlara həsr etdiyi esseləri,  tanınmışlarla portret müsahibələri də də oxucuların ixtiyarına verilib və maraqla oxunur. Müəllifin fikrincə, o, ərsəyə gətirdiyi elə publisistik örnəkləri seçib ki, onları zaman soldurmayıb, düşüncələr təsir gücünü itirməyib, ən əsası isə həmin nümunələrin humanist və mərhəmətli məzmununun kiməsə dayaq olacağına inanıb. Bu, həqiqətən, belədir.

Zemfira MƏHƏRRƏMLİ