Aqşin Yenisey:“Anar müəllim, qoy, bir 34 il də sədr olsun. Nə dəyişəcək ki?!”
"Oradan maaş alıb, oranın laxlamış nüfuzundan istifadə edib özünə şərait yaradan bir qrup adam var ki, doğrudan da Anarın ömürlük sədr olmasında maraqlıdırlar"
Emil Rasimoğlu:“Əslində ən real, səmimi və demokratik namizəd Anar müəllim yox, bizik”
35 ildir Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri olan xalq yazıçısı Anar Rzayev növbəti dəfə bu posta namizədliyini irəli sürəcək. Bu barədə AYB-nin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid bildirib.
Qeyd edək ki, yazıçı Anar bu vəzifəni 1987-ci ildən icra edir. AYB 1934-cü ildə yaradılıb. Bu günə qədər qurumun 15 sədri olub ki, onların da arasında yazıçı Anardan başqa ən çox vəzifədə olanı Mirzə İbrahimovdur. Belə ki, Mirzə İbrahimov 10 il (1965-1975-ci illərdə) quruma rəhbərlik edib. Rəsul Rza, Süleyman Rəhimov, İsmayıl Şıxlı kimi yazıçılar isə cəmi 1 il rəhbər olublar.
Anarın yenidən namizədliyini irəli sürməsi ilə bağlı “Sherg.az”a öz fikirlərini bölüşən tanınmış yazar, şair, publisist Aqşin Yenisey bildirib ki, o, artıq bu mövzularla maraqlanmır:
“Yəni, Azərbaycan Yazıçılar Birliyində baş verən hər hansı bir hadisə bizim maraq dairəmizdən uzaqdadır. Orada istər sədr seçimi olsun, istər digər tədbirlər olsun. Artıq ədəbiyyat AYB-nin binasından, əhatəsindən tamamilə kənarda baş verən bir hadisədir. Anar müəllimin yenidən sədrlik namizədliyini irəli sürməsində də təəccüblü və gözlənilməz bir şey yoxdur. O, artıq illərdir ki, AYB-ni öz şəxsi mülkü kimi idarə edir. Hətta mən bir müsahibəmdə də demişdim ki, AYB Anar müəllimə atasından qalmış bir mülkdür. Bu doğrudan da belədir. Çünki rəhmətlik Rəsul Rza da orada sədr olub. Bir monarxiya sistemi kimi bir strukturdur”.
A.Yenisey hesab edir ki, yeni sədrin seçilməsi də bu qurumda dəyişikiliyə səbəb olmayacaq:
“AYB-nin fəaliyyəti dövründə ədəbiyyata bir faydasını müşahidə etməmişəm. Daha çox zərərli, ziyanlı adddımlar atıblar. Həmişə görmüşəm ki, daha çox ədəbiyyata ziyan vuran, lazımsız, gərəksiz adamları üzv qəbul edib, onlara “Prezident təqaüdü” verməklə süni bir ədəbiyyat mənzərəsi yaratmağa çalışıblar. Hətta başqa bir adamın orada sədr seçilməyi hansısa dəyişikliyə səbəb olmayacaq. Çünki bu uzun illərdir eyni sistemlə idarə olunan təşkilatdır. Yalnız prezident və siyasi iradə səviyyəsində nəsə yenilik baş verə bilər. Amma strukturun öz daxilindəki hansısa cəhd ədəbiyyatın xeyrinə dəyişikliyə səbəb olmayacaq”.
Yazarın fikrincə, AYB Stalinin dövründən qalma siyasətlə işinə davam edir:
“Çünki oturuşmuş bir təşkilatdır və onun hansı ənənələr ətrafında yarandığını hamımız çox yaxşı bilirik. Stalin ədəbiyyatı siyasi hakimiyyətin nəzarətində saxlamaqdan ötrü belə bir qurum yaratmışdı. Çox təssüf ki, SSRİ dağılıb, amma SSRİ-nin yaratdığı bu təşkilatlar hələ də qorunub saxlanılır. Ya ola bilsin ki, artıq bizim mədəniyyətimiz yüksək səviyyədə göz ardı edilir, ya da digər proseslərə baş qarışıqdır. Bunu artıq cəmiyyətdə başa düşür ki, belə təşkilatların mədəniyyətimiz üçün heç bir faydası yoxdur. Bu gün ən yaxşı bəstəkarlar Bəstəkarlar İttifaqından kənarda yetişir. Rəssamlar da, yazıçılar da o şəkildə..
Ona görə də vaxt itirib orada baş verən proseslərə maraq göstərmək sadəcə ciddi ədəbiyyat adamlarına mane ola bilər. Mən şəxsən uzun illərdir ki, nə o orqanın mətbuatını izləyirəm, nə orada baş verən prosesləri izləyirəm. Məsələn, hər il 15-16 nəfərə təqaüd verilir. Heç birinin adını tanımırıq. Hələ birinin bir şeiri, bir hekayəsi ədəbiyyatda çaxnaşmaya səbəb olmayıb. Onların hər biri öncədən müəyyənləşdirilmiş işlərdir.
Oradan maaş alıb, oranın laxlamış nüfuzundan istifadə edib özünə şərait yaradan bir qrup adam var ki, doğrudan da Anarın ömürlük sədr olmasında maraqlıdırlar. Biz də buna normal münasibət bəsləyirik. Əlbəttə, oradan maaş alırlarsa, məişət qayğılarını həll edirlərsə, özlərinə və övladlarına gün ağlaya bilirlərsə, qoy bunu etsinlər. Onsuz da ədəbiyyat, yaradıcılıq artıq Sovetdən qalma qurumlardan həm fiziki, həm də mənəvi-siyasi mənada uzaqlaşmış mühitdə yaranır. Ona görə də bizim elə bir narahatlığımız yoxdur. Anar müəllim, qoy, bir 34 il də sədr olsun. Nə dəyişəcək ki?!”.
Tanınmış şair Emil Rasimoğlu isə bildirib:
“Son illər, xüsusilə də, 2019-cu ildən sonra mənim AYB və onun ümumi fəaliyyəti ilə bağlı fikirlərim mətbuata və ictimaiyyət nümayəndələrinə bəllidir. Anar müəllim, Çingiz Abdullayev, eyni zamanda AYB-nin mətbu orqanlarının rəhbərləri və bunların ümumi fəaliyyətlərindəki olan kifayət qədər nöqsanlar mənə onu deməyə əsas verir ki, mən AYB-nin bundan sonrakı Anarlı taleyinin olmasının tərəfdarı deyiləm. Bunun da əsasında Anar müəllimn uzun illər rəhbərlik dönəmində yolverdiyi nöqsanlar dayanır. Anar müəllimin namizədliyini irəli sürməsi müstəqil bir qərardır. Ancaq mən bunu nə Anar müəllimə, nə də onu dəstəkləyənlərə məsləhət bilməzdim. Çünki Anar müllimin AYB-dəki fəaliyyəti göz qabağındadır. Burada tək AYB-nin Bakıdakı fəaliyyətindən söhbət getmir, ümumi respublika fəaliyyətindən söhbət gedir ki, bu da aydın görünür”.
E.Rasimoğlu namizədlik üçün alternativləri dəyərəndirib. Onun sözlərinə görə, AYB-də elə ab-hava yaranıb ki, namizədlərin demokratikliyinə inanmaq olmur:
“Alternativ olaraq, 2019-cu ildən bəri ilk olaraq mən namizədliyimi irəli sürdüm. Sonra AYB-nin Gənclər Şurasının üzvləri Fuad Cəfərli və Tural Turan namizədliyi irəli sürəcəklərini açıqladılar. Bundan sonra biz AYB-nin bizə qarşı olan reaksiyaları ilə mübarizə aparmağa başladıq. Ancaq son bir neçə ayda AYB-nin Gənclər Şurasının üzvü Tural Turan Gənclər Şurasının və AYB-nin üzvlüyündən istefa verdi. Təbii ki, onun öz müstəqil qərarı idi. Amma bunu istəməzdim. Hazırda AYB namizədliyinə alternativ olaraq bir mənəm, bir də Fuad Cəfərlidir. Düşünürəm ki, AYB-də başda Anar müəllim olmaqla rəhbər şəxslər elə ab-hava yaradıblar ki, mən bizdən başqa namizəd olacaq şəxslərin demokatik namizəd olacağını düşünmürəm. Sadəcə onlar demokratik imic yaratmaq üçün ola bilər ki, müəyyən şəxslərin namizədliyi irəli sürsünlər. 2019-dan bəri bəzi rəhbər üzvlər və onları dəstəkləyənlərlə polemikalar oldu. Mən buradan belə bir nəticəyə gəldim ki, əslində ən real, səmimi və demokratik namizədlər bizik. Bizdən başqa meydana gələcək namizədlər düşünürəm ki, AYB-nin öz pərdəarxası təşəbbüsü olacaq. Amma yenə də deyirəm, AYB elə diktatorial mühit yaradıb ki, inanmıram, bizdən başqa kimsə namizədlik irəli sürsün”.