Ərdoğandan mühüm mesaj: Suriya ilə bağlı təxribatlar ola bilər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumu çərçivəsində Suriya dövlət başçısı Əhməd Əş-Şaara ilə görüşündə deyib ki, Suriyada xaosun yenidən yaşanmasını istəyənlər var: “Türkiyə buna imkan verilməməsini məmnuniyyətlə qarşılayır”. 
O qarşıdakı illərin Suriyanı sabitliyi, rifahı və əmin-amanlığı ili olacağını söyləyib.

Ərdoğan Türkiyənin Suriyaya qarşı beynəlxalq sanksiyaların ləğvi üçün səyləri davam etdirəcəyinə, rəsmi Dəməşqlə ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirmək istiqamətində addımların atılacağını diqqətə çatdırıb.
Türkiyə liderinin sözlərinə görə, Ankara digər sahələrdə də addımların atılmasını nəzərdən keçirəcək: “Türkiyə Suriyada sabitliyin bərpası üçün bu günədək olduğu kimi, bundan sonra dəstəyini davam etdirəcək”.
 Əvvəl də dediyimiz kimi, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra yeni reallıqlar yaradıb. Bu reallıqların müəllifi rəsmi Ankaradır. Yeni “oyun qaydaları” bir neçə vacib nüansı ortaya qoyur. Birincisi, Rusiyanın Suriyadakı təsir imkanları əhəmiyyətli dərəcədə zəiflədi. İkincisi, Türkiyə Suriyada möhkəmləndi. Üçüncüsü, Türkiyənin terrorla mübarizədə ciddi yol qət edildi. Çünki Əsəd rejimi nəinki Türkiyənin terrorla mübarizəsini dəstəkləmir, həm də əngəl yaradırdı. Amma artıq belə bir problem yoxdur. 

Dəməşqdən verilən mesajlar göstərir ki, Ankaranın təhlükəsizlik maraqları nəzərə alınacaq. 
Əlbəttə, yeni “oyun qaydalarından”, o cümlədən Türkiyənin təhlükəsizlik maraqlarından narahat olanlar da var. Bu güclər təkcə Qərbdə deyil. Ankara ilə “Mehriban düşmən” olan Moskva da ilk fürsətdə “suları bulandırmaqda” maraqlıdır. Ərdoğanın “Suriyada xaosun yenidən yaşanmasını istəyənlər var” fikri ilə demək istədiyi də elə bu idi. 

Nəzərə almaq lazımdır ki, Suriyada hakimiyyət hələ təzədir. Tam oturuşmayıb. Bundan istifadə etmək istəyən fərqli formalarda sabotajlara əl ata bilərlər.

Sözsüz ki, Ankara da mümkün ssenarilərə hazırdır. Lazım gələrsə, qabaqlayıcı addımlar da atılacaq. Suriya Türkiyə üçün prioritet məsələlərdəndir. Ankara bu məsələdə nə güzəştə gedəcək, nə də geri addım atacaq. 

Kənan Novruzov