Bakının bu ərazilərində hava daha çox çirkləndirilir - SİYAHI


2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan isə 47 faiz təşkil edirdisə, son illər vəziyyət tədricən dəyişib, hazırda nəqliyyatın payına 80 faizə yaxın tullantı düşür. Bu çirkləndiriciləri, əsasən, azot oksidləri, dəm qazı, kükürd qazı, karbohidrogenlər və digər maddələr təşkil edir. 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, atmosferə atılan tullantılar, əsasən, nəqliyyatın payına düşür:

“Əgər 70-80-ci illərdə şəhərlərdə atmosferi çirkləndirən mənbələr sırasında sənaye müəssisələri 70-80 faiz ilə üstünlük təşkil edirdisə, son onillikdə vəziyyət dəyişib və nəqliyyat sektoru Bakıda artıq əsas çirkləndiriciyə çevrilib.

Nəqliyyatdan fərqli olaraq, əksər sənaye müəssisələrindən atmosfer havasına buraxılan tullantılar texnoloji, ekoloji qaydalara uyğun olaraq borular vasitəsilə müəyyən hündürlükdən atılırlar ki, bu da onların atmosferdə daha tez səpələnməsinə, bununla da konsentrasiyalarının nisbətən azalmasına imkan yaradır və belə müəssisələrin çoxu şəhərin kənarındadır”.

“Nəqliyyatdan olan tullantıların spesifik bir tərəfi isə odur ki, onlar insanın birbaşa nəfəs aldığı təbəqəyə atılır. Buna görə də insanlara mənfi təsir effekti özünü daha qabarıq göstərir.

İntensiv avtomobil hərəkəti olan şəhər küçələrində - Neftçilər, Dərnəgül, Nobel prospekti, 20 Yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi, Xırdalan-Sumqayıt yolunda konsentrasiyalar qəbul olunmuş fon göstəricilərindən daha yüksək olur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, istilik effekti yaradan karbon qazı, metan, azot oksidi kimi qazların 15 faizi nəqliyyat sektorunun payına düşür”, - deyə U.Tağıyeva bildirib.

Direktor qeyd edib ki, şəhərdə atmosfer havasının ekoloji vəziyyətini yaxşılaşdırmaq yollarından biri də zərərli tullantıları xeyli az olan alternativ nəqliyyat növlərinə üstünlük verilməsidir:

“Bu baxımdan, Azərbaycanda istər elektromobil, istər hibrid avtomobillərin daha geniş istifadəsinə əlverişli mühüt yaratmaqla əhalinin marağını artırmaq vacibdir”.