“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi” layihəsi Şərqi Asiya ölkələri ilə Avropanı əlaqələndirən irihəcmli layihədir”. Bu sözləri Sherg.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor qeyd edib ki, ölkəmiz layihənin reallaşmasında uğurla iştirak edib:
“Şimal-Cənub layihəsinin əsası 2000-ci ildə Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan tərəfindən qoyulub. Sonralar layihəyə Qazaxıstan, Türkmənistan, Tacikistan, Belarus, Ukrayna, İordaniya, Bolqarıstan da qoşulub. Azərbaycan 2005-ci ildə bu layihəyə qoşulmaqla qısa müddətdə onun aparıcı iştirakçısına çevrildi. Dövlətimizin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə xüsusi diqqət ayırmasının əsasında dayanan amillərdən biri Azərbaycanı logistika və tranzit mərkəzə çevirməkdir. Bu amil dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olması ilə yanaşı, iş adamlarının fəaliyyətini stimullaşdıracaq, ölkənin ixrac potensialını artıracaq”.
V.Rəhimzadə bildirib ki, “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”nin tamamilə işə düşməsi nəinki region ölkələrinin iqtisadi inkişafına təkan verəcək, eyni zamanda, həmin ölkələr siyasi sabitlik əldə etmiş olacaqlar:
“Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər Şimal-Cənub layihəsinin reallaşmasını geçikdirsə də bu problemin ölkəmizdən qaynaqlanmadığı aydın görünür. Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşması üçün zəruri olan infrastruktur layihələrini uğurla icra edib. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, “Şimal-Cənub" nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edib, İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edib, eyni zamanda, dəmir yolu körpüsünü də inşa edib. Beləliklə, Azərbaycan öz ərazisində bu layihə üzrə bütün lazımi tədbirləri görüb və layihənin ümumi icrası ilə bağlı da öz töhfəsini verməyə hazırdır”.
Baş redaktor diqqəti hazırda dünyanın 150 ölkəsi tərəfindən böyük dəstək qazanan Çinin “Bir kəmər, bir yol” layihəsinin reallaşmasına Azərbaycanın verdiyi töhfələrə yönəldib:
“Bu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu Azərbaycanın tranzit imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Həmin Forumda bir daha qeyd olundu ki, əlverişli coğrafi məkana, zəngin təbii resurslara malik olan Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olması ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına, bu əlaqələrin mühüm əhəmiyyət kəsb edən layihələrin gerçəkləşdirilməsi ilə möhkəmləndirilməsinə geniş imkanlar açır. Son 16 ilə yaxın dövr ərzində ölkə iqtisadiyyatına 260 milyard dollara yaxın investisiyanın qoyulması da bunun bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev daim infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırılması ilə Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini, əsas sərmayənin yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldildiyini, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçdiyini önə çəkərək bildirir ki, infrastrukturun inkişafına çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir. Azərbaycan həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir”.