“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası liderlərinin növbəti görüşünün Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir”. Bunu Sherg.az-a açıqlamasında tarixçi-alim Dilavər Əzimli deyib.
Tarixçi bildirib ki, Azərbaycansız Turan dünyası yoxdur və ola da bilməz:
“Azərbaycan türk dünyasını birləşdirən qızıl həlqədir. Tarix boyu belə olub. Baxın, səlcuqlar zamanında Azərbaycan Turanın ürəyi idi. Elə hülakular dövründə də belə olub. I Göytürk imperiyası və yaxud Hun imperiyası dövründə də bütöv Azərbaycan türk dünyasını birləşdirirdi. Tarix yenidən təkrar olunur. Türk dövlətləri bir araya gəlir. Çox sevinirəm ki, Türk Şurasına Macarıstan və Türkmənistan da qoşulur. Bu, həm də iqtisadi və siyasi-mədəni inteqrasiyadır”.
D.Əzimlinin sözlərinə görə, Avrasiyanın taleyi türk dünyasının əlindədir:
“Vaxtı ilə bu ərazilərə türk dünyası nəzarət edib. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyət intensiv xarakter alacaq. Çünki dünyada gedən proseslər bunu zəruri edir. Güman edirəm, bu cür yaxınlaşmalar bizim Güneydə yaşayan həmvətənlərimizin taleyində də rol oynayacaq. Onların dil məsələsinə, azadlıq problemlərinə stimul verəcək. Bu alyans bir çox taleyüklü problemlərin həllində də ciddi rol oynayacaq. Zamanı yetişəndə vahid valyuta, iqtisadı məkan və hərbi birləşmələr də yaradıla bilər. Tanrı yardımçımız olsun!”.