“Dövlət başçısının çıxışında Zəngəzur məsələsini qabartması çox mühüm məqamdır”. Bunu Sherg.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, həqiqətən də, çarizm və sovetlər zamanında strateji əhəmiyyət daşıyan bir çox tarixi ərazilərimiz əlimizdən zorla alınaraq ermənilərə verilib:
“Bu da məqsədli şəkildə edilirdi. Halbuki, vaxtilə Osmanlıdan tutmuş Qırğızıstan çöllərinə qədər geniş türk arealı mövcud idi. Ona görə də türk dünyası arasındakı əlaqələri mümkün qədər zəiflətməyə, bizi parçalamağa çalışırdılar. Müəyyən müddət buna nail olsalar da, Azərbaycan və Türkiyənin birgə səyi nəticəsində ermənilərə dəstək verən xarici güclər istəklərinə çata bilmədilər. Bu gün məhz iki ölkənin sayəsində türk dünyasının birliyini yenidən təsis etmək mümkün hala gəlib”.
Politoloqun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Bakıda keçirilməsi çox mühüm hadisədir:
“Budəfəki Zirvə görüşü türk dövlətlərinin tarixində yeni bir cığır açacaq. Türk Şurası Azərbaycan və Türkiyənin təşəbbüsü ilə Naxçıvanda təsis edilib. Türk Şurasının daha sonra yaratdığı Parlament Assambleyası da uğurla işləyir. Yeddinci görüşdə Özbəkistanın uzun fasilədən sonra yenidən Türk Şurasına qayıtması mühüm nailiyyətdir. Sadəcə Türkmənistan hələlik prosesdən uzaq qalır. Amma şübhə yox ki, bu ölkə də yaxın müddətdə Şuraya üzv olacaq. Tədbirdə Nursultan Nazarbayevin Türk Şurasının Fəxri sədri seçilməsi və yeni təsis olunmuş medalla təltif edilməsi simvolik əhəmiyətə malik tarixi hadisə idi. Bütün bunlar onu göstərir ki, türk birliyi tədricən öz həmrəyliyini möhkəmləndirəcək. Bu həmrəylik isə türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni əlaqələrə dəyərli töhfə verəcək”.