"Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti bildirib: “Keçən il prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki çıxışımda demək olar ki, bütün istiqamətlər, əsas istiqamətlər üzrə hədəflər qoyulubdur. O çıxış proqram xarakterli çıxış idi və o çıxışdan sonra biz əməli-praktiki addımlara başladıq, islahatları dərinləşdirdik, vergi və gömrük sahəsində aparılan islahatlar, şəffaflıqla bağlı olan addımlar öz səmərəsini verməkdədir. Doqquz ayda gömrük və vergi orqanları plandan əlavə 700 milyon manatdan çox vəsait büdcəyə daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük rezervlərimiz var. Bu gün də hələ bir çox şirkətlər tam vergiləri ödəmirlər. Onların qara buxalteriyası var. Orada bəzi şirkətlərdə işləyənlər qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara zonadan, bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər hələ də tam həcmdə vergiləri ödəmir və ikili mühasibat saxlayır.
Vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər. Onlar da bilməlidirlər ki, vergiləri vermək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa son qoyulmalıdır, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlətin vergisini tam şəkildə verməlidirlər. Bu vergilər hesabına biz sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir.
Biz bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini verməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Bütün aidiyyəti qurumlara mən bir daha bu tapşırığı verirəm”.