Bir neçə gün öncə Bakıda Türk Şurasının yeddinci Zirvə Görüşü keçirildi. Müzakirə olunan məsələlərdən biri Özbəkistanın yenidən Şuraya qayıtması, Macarıstanın isə türkdilli ölkələrin müzakirəsinə qatılmasıdır.
Əksər ekspertlər Türk Şurasının tərkibinin genişlənməsinin vacib olduğunu söyləməklə yanaşı, türkdilli ölkələrin inteqrasiyasının bundan sonra daha da güclənəcəyi qənaətindədirlər.
Millət vəkili, akademik Nizami Cəfərov Zirvə Görüşünü dəyərləndirərkən Sherg.az-a xatırladıb ki, müəyyən müddət idi ki, Özbəkistan Türk Şurasına üzv deyildi:
"Təbii ki, türk dünyasının özünün müəyyən daxili problemləri ola bilər. Biz bunu bilirik. Artıq Özbəkistan təşkilata rəsmi şəkildə üzv qəbul olundu və bu, çox təqdirəlayiq haldır. Həmçinin Macarıstanın Türk Şurasının işində iştirak etməsi bizim üçün çox mühüm perspektivdir. Çünki Avropa ölkəsi olan Macarıstan özünü türk dünyasının tərkib hissəsi hesab edir. Bu fakt türk dünyasının daxili miqyasının genişlənməsinin göstəricisidir. Macarlar türk deyil, amma türklərin də daxil olduğu Altay Birliyinə aiddir. Odur ki, bu cür genişlənmə bizim bir sıra digər problemlərimizi də həll edəcək".
N.Cəfərov vurğulayıb ki, türk birliyində millətçilik əhval ruhiyyəsi, başqa millətlərə qarşı aqressiya yoxdur:
"Türkçülükdə bu hallar heç vaxt olmayıb. Türkçülük yalnız türk dünyasını beynəlxalq aləmin müstəqil bir hadisəsi kimi görmək, başqalarından aşağı olmamaq, irəli getmək, dünya ilə ayaqlaşmaq və s. məqamları özündə ehtiva edir. Əgər Macarıstan da Türk Şurasının işinə qoşulursa, bu, dünyanın bizim humanist addımlarımıza qiymətinin ifadəsidir".