Milli Məclisin bu gün keçirilən iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında həmkarı Fazil Mustafanın mətbuatda səsləndirdiyi fikirləri tənqid edib.
Sherg.az-ın xəbərinə görə, deputat deyib ki, bəziləri gecə-gündüz fəaliyyət göstərən Milli Məclis və deputatlar haqqında mənfi fikir bildirirlər:
“Hörmətli Fazil müəllim (Fazil Mustafa - red) müsahibə verir, deyir ki, islahat Milli Məclisdən başlamalıdır. Bunu sosial şəbəkədəki fəaliyyətlə bağlı danışarkən bildirib. Hansı birinizin sosial şəbəkədə işləmiyinizə bir söz deyilib? Hamının “Feysbuk”u, “Tvitter”i var, kimə maneçilik törədilib? Burada media nümayəndələri də iştirak edir. Mediaya kimsə rəhbərlikdən deyib ki, filankəsin yazısını verin, filankəsin verməyin? Bəzi xalı çatmayanlar Milli Məclisdən xal götürmək istəyir. Biz xaricdə Azərbaycana qarşı qarayaxma aparan qüvvələrlə mübarizə aparaq, yoxsa içimizdə olanlarla? Biz xalq artisti deyilik ki, İnstaqramda oturaq?!".
Novruzov qeyd edib ki, parlamentin vəzifəsi özünün şəxsi maraqlarını təmin etmək deyil:
"Kimsə deyir ki, məsələnin ona aidiyyatı yoxdur. Kiminsə səviyyəsinə düşmək istəmir. Hansı səviyyədəsənsə səviyyənə uyğun cavab ver. Hər bir fikri irəli sürəndə ölçülü-biçili sözlərlə onu ifadə etmək lazımdır. Kim hansı fəaliyyət göstərmək istəyirsə, o fəaliyyətini də göstərir. Azərbaycanda söz, mətbuat, internet azadlığı var".