Paşinyanın reytinqi getdikcə aşağı düşür və bunun qarşısını almaq üçün onun yeniliyə ehtiyacı var. Ermənistan hakimiyyəti bu yeniliyi hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa, qələbə qazanmaqda görür. Digər tərəfdən Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, vəziyyət günü-gündən pisləşir, Rusiya irəliləyir. Buna görə də onlar Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar. Yəni Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Çünki burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst üstə düşür. Fransanın Ermənistana silahlandırması, Hindistandan silah alınması, Yunanıstanın S300 raket komplekslərini verməsi rəsmi İrəvanın növbəti müharibəyə hazıraşmasından xəbər verir.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, Yunanıstan-Ermənistan və Yunanıstan-Yunan Kipri arasında hərbi sahədə əməkdaşlığa dair anlaşma mövcuddur:
“Bu razılaşmaya uyğun olaraq Yunanıstan keçmiş Sovet silahlarını Ermənistana satır. Həm Fransa, həm də Yunanıstanın türklərə qarşı ənənəvi düşmənliyi var. Hər iki tərəf Ermənistanı silahlandırmaqla ənənəvi hikkəsini təmin edir və pul qazanırlar. Rusiyanın bu məsələ də Ermənistana sanksiya tətbiq etməsi mümkün olmayacaq. Çünki Ermənistanın silahlanmasına qarşı olan heç bir qətnamə yoxdur. Rusiya sadəcə olaraq sözügedən məsələdə müəyyən embarqolar qoya bilər. Məsələn, Yunanıstana silah alverində məhdudiyyətlər qoyula bilər ki, bu silah Ermənistana satılmasın. Yunanıstanın Ermənistana silah satması revanşist, təcavüzkar dövlətin yenidən regionda pozuculuq fəaliyyətinin dəstəklənməsidir”.