11 aylıq metro qərarı: “Şəhər sentyabrda iflic olacaq"

  • Basabas, tıxac, əlavə xərc...şəhərin mərkəzinə axın başlayacaq

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.

Dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayıb.

Yeni ekspres marşrutlar bunlardır:



M1 – metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları;

M2 – metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları;

M3 – metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları;

M4 – metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları;

M5 – metronun "20 Yanvar" və "Gənclik" stansiyaları;

M6 – metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərəcək.

“Nizami”–“28 May” metro xəttinin 11 ay müddətinə bağlanacağı ilə bağlı qərar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Paytaxtın ən işlək nəqliyyat qovşaqlarından birində aparılacaq yenidənqurma işlərinin şəhərin nəqliyyat axınına necə təsir edəcəyi, alternativ həllərin kifayət edib-etməyəcəyi və sərnişinlərin qarşılaşacağı çətinliklər əsas müzakirə mövzularındandır.

Sherg.az xəbər verir ki, siyasi şərhçi, jurnalist Azər Rəşidoğlu hesab edir ki, söhbət təkcə texniki təmirdən deyil, yüz minlərlə insanın gündəlik həyatına təsir göstərəcək strateji qərardan gedir. Onun fikrincə, belə bir addımın həyata keçirilməsi ilə yanaşı, şəhərin buna hazırlıq səviyyəsi və vətəndaşların üzərinə düşəcək yük də diqqətlə qiymətləndirilməlidir: ““Nizami”–“28 May” xəttinin 11 ay müddətinə bağlanması sadəcə texniki təmir məsələsi deyil. Bu, şəhərin nəqliyyat sisteminə, insanların gündəlik həyatına, işinə və təhsilinə birbaşa təsir edən nəhəng qərardır. Ən böyük sual budur -bu qərara şəhər nə qədər hazırdır? Əvvəla, onu deyim ki, absurd vaxt seçilib. Avqustun sonunda məzuniyyətdən qayıdanlar, sentyabrda universitetlərə dönən tələbələr, işə qayıdan minlərlə insan eyni vaxtda şəhərin mərkəzinə axışacaq. Məhz belə bir vaxtda metronun əsas xəttlərindən birini 11 ay müddətinə bağlamaq o deməkdir ki, yeraltı nəqliyyatın yükü yerüstü nəqliyyatın üzərinə atılır. Bəs nəticə nə olacaq? Dayanacaqlarda basabas, avtobuslarda sıxlıq, küçələrdə tıxac və insanların hər gün yolda itirdiyi əlavə saatlar. Bu saatların hesabını kim verəcək? Niyə bu qərarın maliyyə yükünü vətəndaş çəkməlidir? Metro bağlanır, sərnişin avtobusa yönləndirilir və vətəndaş əlavə gediş haqqı ödəməli olur. Axı problem sərnişinin yaratdığı problem deyil. Dövlətin həyata keçirdiyi infrastruktur layihəsinə görə vətəndaş niyə həm vaxtını, həm əsəbini, həm də pulunu itirməlidir? Metro-ekspres avtobus keçidi vahid sistemdə və əlavə ödənişsiz təşkil edilməlidir. Ən azı, 11 aylıq məhdudiyyət dövründə sərnişinin üzərinə əlavə maliyyə yükü qoyulmamalıdır”.

 Avtobusların metroya alternativ olmadığını vurğulayan A. Rəşidoğlu qeyd edib ki, metronun bir neçə dəqiqəyə daşıdığı sərnişin kütləsini avtobusların eyni sürətlə və eyni rahatlıqla əvəz edəcəyini düşünmək sadəlövhlükdür: “ Xüsusi zolaqlar real şəkildə qorunmasa, “ekspres” avtobusların da aqibəti məlumdur. Onlar da sentyabr tıxacının içində ilişib qalacaq. Ona görə məsələ “daha çox avtobus buraxdıq” deməklə bitmir. 11 aylıq qərar 11 günlük xəbər kimi təqdim edilə bilməz. Belə miqyaslı məhdudiyyət insanların işini, təhsilini, yaşayış yerini, gündəlik marşrutunu dəyişir. İnsanlar əvvəlcədən bilməlidir ki, sabah evdən çıxanda işə necə gedəcək, tələbə universitetə hansı nəqliyyatla çatacaq, valideyn uşağını məktəbə necə aparacaq. Vətəndaşı son anda fakt qarşısında qoymaq idarəetmə deyil. Əgər bu xəttin bağlanması zəruridirsə, onda alternativlər də əvvəlcədən hazırlanmalı idi. Maraqlıdır, bu 11 ay ərzində şəhəri kimin planı idarə edəcək və bu təklifi kim irəli sürüb?”